Məhkəmə qərarları › İş №2(060)-5916/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5916/2022

28.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5916/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh X7 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3898/2019 saylı qətnaməsilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi, X2 25 oktyabr 2014-cü il təvəllüdlü X9 və 14 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 300 manat, cəmi 600 (altı yüz) manat sabit məbləğində alimentin tutularaq iddiaçı - İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh X14 ilə 11 sentyabr 2013cü ildə nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları Şamaxı rayonunun VVAQ şöbəsində 317 nömrə ilə qeydə alınmışdır. Onların 25 oktyabr 2014-cü il təvəllüdlü X9 və 14 oktyabr 2016-cı il təvəllüdlü X10 adlı iki övladları doğulmuşdur. Yetkinlik yaşına çatmayan övladları hazırda iddiaçı ilə birlikdə yaşayırlar. Onların hüquq və mənafeləri baxımından alimentin artırılması zəruridir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3898/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 hər uşağa görə hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat cəmi 320 (üç yüz iyirmi) manatın alınaraq iddiaçıya verilməsi müəyyən edilmişdir. Bildirmək istəyir ki, həmin vaxt iddiaçı hər uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmiş olsa da məhkəmə iddianı sadəcə 160 manat hissəsində təmin etmişdir. Həmin vaxtda bu pulun əslində bir uşağın saxlanmasına kifayət etməməsinə baxmayaraq iddiaçı bununla razılaşmışdır. Lakin, hazırki şəraitdə iddiaçının bütün bu xərclərin öhdəsindən tək başına gəlməyi mümkün deyildir. İndiki halda iddiaçının 160 manat məbləğində alimentlə bütün bu xərclərin öhdəsindən gəlmək imkanı olmadığına görə uşaqlarının saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının artılmasını zəruri hesab edir, çünki cavabdehin gəliri kifayət qədərdir. Təxminən aylıq gəliri ( məvacib , premiya və sair gəlirlər ) 1000 manat təşkil edir. Bundan başqa Sumqayıt şəhərində yerləşən Elçin adlı restoran atasına məxsusdur, cavabdeh isə həmin restoranı idarə edir və ona görə gəlir əldə edir. Məhkəmələr isə sabit pul mələğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdır. Məsələni həll olunması üçün iddiaçı mediasiya şürasına müraciət etmişdir. 29 mart 2022-ci il tarixində mediator İlham Mehtiyevin vasitəsi ilə ilkin mediasiya prosesi keçirilmişdir. Mediasiya prosesi keçirildikdən sonra iddiaçıya arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 320 manat aliment uşaqların saxlanılması üçün kifayət deyildir. Cavabdehin maddi imkanı alimentin artırılması üçün kifayət qədər yaxşıdır. Cavabdeh uşaqları ilə maraqlanmır, onların alimentdən əlavə xərclərində iştirak etmir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X14 iddia tələbini qəbul etmədi. Bildirdi ki, 600 manat aliment ödəməyə maaşı kifayət deyildir. Aylıq 320 manat alimenti vaxtlı-vaxtında ödəyir, aliment borcu yoxdur. İddiaçı özü də işləyir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3898/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Elçin (Abdulov) Rəfael Mürsəl oğlu ilə X11 arasında xx.xx.2013-cü il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində 317 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 cavabdeh X11 ilə qalmalarının müəyyən edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Elçin (Abdulov) Rəfael Mürsəl oğlundan X6 xeyrinə hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - xx.xx.2022-ci il tarixli, №- MŞB/3-00478 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı lkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. - AZ-T № 107108 və AZ-T № 107109 doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 atası X14, anası İddiaçıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3898/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Elçin (Abdulov) Rəfael Mürsəl oğlu ilə X11 arasında xx.xx.2013-cü il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində 317 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 cavabdeh X11 ilə qalmalarının müəyyən edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Elçin (Abdulov) Rəfael Mürsəl oğlundan X6 xeyrinə hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X13 hazırda anasının-iddiaçının himayəsindədir, cavabdeh övladının saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3898/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016cı il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3898/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, iş materiallarında olan qətnamədən də göründüyü kimi, cavabdeh aylıq 260 manat sabit pul məbləğində aliment ödəyir. Hazırki halda həmin məbləğ 300 manata artırıldığından bir il ərzində ödəmənin məcmusu artırılan aliment miqdarının bir illik ödəmə məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatadək olduğu üçün (hazırki halda 380-320=40; 40x12=480) qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3898/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh X2 xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 180 manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar