Məhkəmə qərarları › İş №2(060)-592/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-592/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-592/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 89100 manat pul və 357,3 manat dövlət rüsumu olmaqla, cəmi 89457,3 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhərində tikinti materiallarının satışı ilə məşğul olur. Təxminən 2018-ci ildə tələbə yoldaşı Səidlə söhbəti əsnasında Hüseynağa adlı əmisi oğlunun Rusiya Federasiyasında tikinti materiallarının satışını həyata keçirdiyini, onun orada mağazasının olduğunu və eyni zamanda taxta emal edib Azərbaycan Respublikasına göndərdiyini öyrənib. Bundan sonra Səidin vasitəsilə cavabdehlə tanış olub. Cavabdeh həmin vaxt Rusiya Federasiyasında Perm şəhərində yaşadığından onu görməmiş, yalnız telefonla əlaqə saxlamışdır. Söhbət əsnasında cavabdehdən onun üçün Azərbaycan Respublikasına Rusiya Federasiyasında taxta göndərməsini xahiş edib. Aralarındakı razılaşmaya əsasən iddiaçı əvvəllcədən taxtanın pulunu cavabdehə göndərməli, cavabdeh isə pul çatandan sonra taxtanı vaqonlarla göndərməli idi. Həmin vaxt bir vaqon taxta 1 000 000 rubl edirdi. İddiaçı cavabdehə 2 000 000 rubl pul göndərib. Cavabdeh pulun qarşılığında iki iki dəfə taxta göndərib. Daha sonra isə 2019-cu ilin əvvəllərinə kimi iddiaçı cavabdehə hissə-hissə 3 300 000 rubl pul vermiş, həmin pulu aldıqdan sonra islə cavabdeh iddiaçını aladadaraq nə pulunu geri qaytarmış nə də mal göndərməmişdir. Ümumilikdə cavabdehin qardaşı oğlu Həsənin vasitəsi ilə 5 300 000 rubl (həmin dövrün məzənnəsi ilə 143100 manat) pul vermişdir. Həmin pulun 2 000 000 rublu (54000 manat) müqabilində cavabdeh iddiaçıya taxta göndərmiş, qalan 89 100 manat pulun müqabilində isə taxta göndərməmiş, həmin pulu isə mənimsəmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, tərəflər arasında işgüzar münasibətlər və iddiaçının cavabdeh tərəfindən hüququnun pozulması 2019-cu ildə baş vermişdir. Həmin vaxt cavabdehin fərdi sahibkar statusu olmamışdır. Bu səbəbdən hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o 2021-ci ildə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və adına VÖEN açılmışdır. Bu səbəbdən cavabdeh işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (24.2). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (25.1). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (26.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12.). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir (13.). Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır ( 14.). Elektron məhkəmə informasiya sistyemindən çıxarışlardan görünür ki, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 17.11.2017-ci il tarixində vergi ödəyicisi kimi qeydiyyatdan keçirilərək adına VÖEN açılmışdır. Cavabdeh isə 23.08.2021ci il tarixində vergi ödəyicisi kimi qeydiyyatdan keçirilərək adına VÖEN açılmışdır. Hər iki VÖEN hal-hazırda aktivdir. Göründüyü kimi hər iki tərəf fərdi sahibkar statusuna malikdir. Həmçinin tərəflər arasında mübahisə onların sahibkarlıq fəaliyyətlərindən irəli gəlir. Bu səbəbdən hazırkı işə ümumi məhkəmədə baxılması yolverilməzdir. İddiaçının nümayəndəsi tərəflər arasında olan işgüzar münasibətlərin yarandığı vaxt cavabdehin fərdi sahibkar statusuna malik olmadığını bildirərək işin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə razılaşmamışdır. Məhkəmə həmin dəlillə razılaşmayaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi vaxt artıq cavabdeh fərdi sahibkar statusuna malik olduğundan işə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 30, 395 və 396-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar