Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5931/2021 26.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarındakı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 1497,84 manat məbləğində kredit borcu, 16,56 manat faiz borcu və 527,5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 2041,09 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 003A********** saylı, 27.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, aylıq 0,0833 faizlə, 1497,84 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.02.2020-ci il tarixdən banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan heç bir ödəniş etməmiş, onun 1497,84 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehin 28.01.2021-ci il tarixə 359 gün üçün hesablanmış faiz borcu 16,56 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında hesabdan çıxarış təqdim edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, maddi imkanı olmadığı üçün borcu ödəyə bilmir. Faiz borcu ilə razı deyildir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1962-ci ildə, Şamaxı şəhəri Həmiyə kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanan 27.12.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə 1497,84 manat məbləğində kredit verilmişdir. İşdə olan 27.12.2019-cu il tarixli məxaric orderi bunu təsdiq edir. Kredit razılaşması üzrə ödəniş planına əsasən cavabdeh 60 ay müddətinə hər ay 32 manat, sonuncu ay isə 24,80 manat ödəniş etməli idi. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 28.01.2021-ci il tarixə əsas borc üzrə 1497,84 manat, faiz borcu üzrə 16,56 manat, cərimə borcu üzrə 527,5 olmaqla, cəmi 2041,09 manat borcu vardır. İş materiallarında olan 14.06.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödəmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən o, 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1497,84 manat məbləğində kredit götürmüşdür. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən məbləğdə əsas borc və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1497,84 manat əsas borc məbləğinə 527,5 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 1497,84 manat, faiz borcu üzrə 16,56 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 1614 (min altı yüz on dörd) manat 40 (qırx) qəpik məbləğində pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan 15 (on beş) manat Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5931/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5931/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver