Məhkəmə qərarları › İş №2(060)-5938/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5938/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5938/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı qızının Cavabdeh Müslim oğluna qarşı uşağın atasının razılığı olmadan ölkədən kənara çıxarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı qızı Cavabdeh Müslim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.01.2009-cu il təvəllüdlü X3 onunla Azərbaycan Respublikasından xarici ölkələrə gedib-gəlməsinə icazə verilməsi və cavabdehdən onun xeyrinə 04.01.2009-cu il təvəllüdlü X1 üçün 175 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək 04.01.2009-cu il təvəllüdlü X3 onunla Azərbaycan Respublikasından xarici ölkələrə gedib-gəlməsinə icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 2007-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. 04.01.2009-cu il təvəllüdlü X4 adlı övladları vardır. Cavabdeh Türkmənistan Respublikasının vətəndaşıdır. Cavabdeh uzun müddətdir ki, övladı ilə maraqlanmır, övladlarına maddi baxımdan köməklik etmir. Cavabdehi övladının ölkədən çıxarılmasına razılıq verilməsi ilə bağlı tapa bilmir və onunla heç bir əlaqəsi yoxdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, X4 uzun müddətdir ki, professional idmanla məğuldur, Respublikası miqyaslı bir sıra yarışların iştirakçısı və qalibi olubdur, hazırda xaricə çıxmaq üçün atasının razılıqı olmadığından beynəlxalq yarışlarda iştirak edə bilmir. Bununla yanaşı tətillərdə iddiaçı istirahət üçün xaricə gedə bilmir, buna səbəb övladının özü ilə apara bilməməsidir. Cavabdeh bir neçə il əvvələ kimi iddiaçı birlikdə Sumqayıt şəhərində iddiaçı ilə eyni ünvanda yaşamış, lakin sonradan çıxıb getmişdir və hazırda iddiaçı onunla əlaqə yarada bilmir. Qeyd etdiklərinə əsasən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -atalığın müəyyən edilməsi haqqında 21.09.2011-ci il tarixli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 04.01.2009-cu il təvəllüdlü X3 atası Cavabdeh Müslim oğludur. - doğum haqqında şəhadətnaməninin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 04.01.2009-cu il təvəllüdlü X3 atası Cavabdeh Müslim oğlu, anası İddiaçıdır. -Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqdim etdiyi diplomdan görünür ki, X4 açıq birincilikdə 2-ci yer tutmuşdur. - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqdim etdiyi diplomdan görünür ki, X4 cüdo güləşi üzrə yeniyetmələr arasında keçirilən “Qara Bəbir” idman klubunun açıq birinciliyində 2-ci yer tutmuşdur. - Azərbaycan Respublikası Cüdo Federasiyasının təqdim etdiyi diplomdan görünür ki, X4 1-ci yer tutmuşdur. “Bərgüşad” idman klubunun diplomundan görünür ki, X4 birincilikdə 3-cü yer tutmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV bəndlərinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını tədqiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının Azərbaycan Respublikasında daimi yaşayış yeri var, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi uşağın müalicə olunması, dünya görüşünün artması və normal istirahətini təmin etmək məqsədi daşıyır, cavabdeh öz valideynlik vəzifələrini lazımi qaydada yerinə yetirmir, uşaqın qayğısına qalmır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan və boşanmadan sonra və hal-hazırki vaxtadək iddiaçının yanında olan uşağın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması üçün cavabdehin razılığının olmaması uşağın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək və azadlıq, həmçinin tibbi yardım almaq və istirahət etmək hüquqlarını məhdudlaşdırır, uşaqların dünya görüşünün artması, hərtərəfli inkişafının təmin edilməsi üçün ciddi maneələr yaradır. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsindən görünür ki, uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinin İ bəndindən görünür ki, hər kəsin istirahət hüququ vardır. Konstitusiyanın 41-ci maddəsinin İ bəndindən görünür ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq Hüquqları Haqqında Konvensiya»sının 9cu maddəsinin İ bəndinin mənasından görünür ki, uşağın ən yaxşı mənafeyi üçün valideynlər bir-birindən ayrı yaşadıqda, uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda və ya digər konkret halda, uşağın valideynlərinin birindən və ya hər ikisindən ayrı düşməsi barədə məhkəmə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, qanunvericiliyin yuxarıda göstərilən tələblərini, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, Cavabdeh razılığı olmadan 04.01.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası İddiaçı qızı ilə birlikdə ölkədən getməsi və gəlməsi mümkündür və bu cavabdehin hüquqlarını pozmur. Bu səbəbdən də, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 04.01.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atası Cavabdeh Müslim oğlunun razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar