Məhkəmə qərarları › İş №2(060)-5946/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5946/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5946/2023 13.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçılar-İddiaçı və ölən əri X2 arasında Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən ümumi sahəsi 35,97 kv.m, yaşayış sahəsi 17,26 kv.m, köməkçi sahəsi 18,71 kv.m olan bir otaqdan ibarət 63 №li evin 84 №-li mənzilinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin mənzil üzərində iddiaçı ilə əri X1 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə iddiaçının ölən əri X2 arasında Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən ümumi sahəsi 35,97 kv.m, yaşayış sahəsi 17,26 kv.m, köməkçi sahəsi 18,71 kv.m olan bir otaqdan ibarət 63 №-li evin 84 №-li mənzilinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iddiaçıya iddia ərizəsində mövcud olan nöqsanların aradan qaldırlması üçün vaxt verilmişdir. Belə ki, iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin seriası və nömrəsi, FİN kodu və digər şəxsiyyəti eyniləşdirməyə imkan məlumatları qeyd edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin ərizəsini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152. 259.0.12, 260.0.4, 372, 384.0.4, 385.1.1. 387.1, 388, 389, 390, 391, 395, 397cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən MPM-in müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayət) edilməmiş və nöqsanların aradan qaldırılması məhkəmə baxışında mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, iş üzrə əsas borculunun vərəsələri müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar