Məhkəmə qərarları › İş №2(060)-5950/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5950/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5950/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əsədov Naib Abdulhavab oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 19.02.2018-cı il tarixli, 2(060)-3144/2018 nömrəli məhkəmə əmrinə əsasən xx.xx.1962-ci ildə Qubadlı ray.,Aşağı Mollu kəndində anadan olmuş, Sumqayıt şəhəri,K.Kotec qəs.,M.F.Axundov küç.ev 2 ünvanında qeydiyyatda olan borclu Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 5860,83 manat əsas, 5878,11 manat faiz, cəmi 11738,94 (on bir min yeddi yüz otuz səkkiz manat, doxsan dörd qəpik) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması əmr edilmişdir. Borclu Cavabdeh qeyd olunan məhkəmə əmrindən etiraz ərizəsi vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 23.06.2021-cı il tarixli qərardadı ilə 19.02.2018-cı il tarixli, 2(060)-3144/2018 nömrəli məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. İddia onunla əsaslandırıımışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01.08.2014cü il tarixdə 020640/2014 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kreditor borcluya 36 ay müddətinə, illik 27 % ödəmək şərtilə 9000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 01-dən gec olmayaraq 367.43 manat məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə uyğun olaraq nəzərdə tutulmuşdur. Lakin cavabdeh kredit müqaviləsi ilə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə isə cavabdehin Sha/1010 saylı arayışa əsasən 13.12.2017 tarixinə İddiaçı ASC-yə 5860.83 manat əsas, 5878.11 manat faiz borcu olmaqla, cəmi 11738.94 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini və mülki işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, maddi imkanı yaxşı deyil və borcu ödəyə bilmir. Yalnız əsas borcu ödəyə bilər. Maddi vəziyyətinin nəzərə alınaraq faiz borcunun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01.08.2014-cü il tarixdə 020640/2014 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kreditor borcluya 36 ay müddətinə, illik 27 % ödəmək şərtilə 9000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Shs/1010 nömrəli, 13.12.2017-cı il tarixli arayışdan görünür ki, Cavabdeh banka 5860.83 manat əsas, 5878.11 manat faiz borcu olmaqla, cəmi 11738.94 manat borcu vardır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin müəyyən edilən hallarına əsasən məhkəmə belə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman işin əmr icraatı qaydasında baxılması ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsindən görünür ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, həmçinin dövlət büdcəsinə ödənilməmiş qalan 10 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 5860.83 manat əsas, 5878.11 manat faiz borcu olmaqla, cəmi 11738.94 manat məbləğində kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalı,eyni zamanda 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh 5860.83 manat əsas, 5878.11 manat faiz borcu olmaqla, cəmi 11738.94 manat məbləğində kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar