Məhkəmə qərarları › İş №2(060)-5954/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5954/2020

03.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5954/2020 03.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8821/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində aliment alınıb, birgə nikahdan olan xx xxxxxxxx 2005-ci il təvəllüdlü X8, xx xxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx xxxxxx 2004-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxxxx 2005-ci il təvəllüdlü X8, xx xxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8821/2018 saylı mülki iş üzrə, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aliment tələbinə dair iddiası qismən təmin edilərək, birgə nikahdan olan xx xxxxxxxx 2005-ci il təvəllüdlü X8, xx xxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 360 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Hal-hazırda heç bir yerdə işləmir və uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Lakin cavabdeh reklam şirkətlərinin birində işləyir və kifayət qədər qazanc əldə edir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikah münasibətlərindən xx xxxxxxxx 2005-ci il təvəllüdlü X8, xx xxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxxxx 2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. (işdə olan AZ-İİ 834156, AZ-İİ 141455 və AZ-İ 690451 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən) İş materiallarna əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8821/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx xxxxxxxx 2018-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı, Cavabdeh və onların övladları ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8821/2018 saylı, xx xxxxxxx 2018-ci tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaqların müvafiq olaraq 13, 10 və 6 yaşları olmuşdur. Hazırda isə onnların 15, 12 və 8 yaşları var. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, o cümlədən iddiaçının cavabdehin maddi vəziyyətinin yaxşılaşması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8821/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8821/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxxxx 2005-ci il təvəllüdlü X8, xx xxxx 2008-ci il təvəllüdlü X9 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar