Məhkəmə qərarları › İş №2(060)-5984/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5984/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5984/2020 01.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə ümumilikdə 47 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 97 manat tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1775 manat olan “Beko” markalı soyuducu almış, nəticədə 47 manat borc yaranmışdır. Bugünədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 1775 manat «Beko» markalı soyuducu üçün ümumilikdə 47 manat ödənilməmiş hissə yaranmışdır. Borclu axırıncı ödənişi xx.xx.2018-ci ildə 30 manat olmaqla cəmi 1728 manat ödəmişdir. Cavabdeh iddiaya etirazına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, 2(060)-5984/2020 saylı qərardadı ilə əlavə araşdırmanın aparılmasına zərurət olduğu müəyyən edilyindən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli S3K4548881 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 1775 manat olan «Beko» markalı soyuducunu 100 manat ilkin ödəniş edilməklə 18 ay müddətə hər ay 94 manat ödəniş şərti ilə satmağı, cavabdeh həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə xx.xx.2016-cı il tarixli müqavilə üzrə cəmi 47 manat borcu qalmışdır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, tərəflər arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 47 (qırx yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 47 (qırx yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar