Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5985/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahlarından doğulmuş 23 may 2014-cü il təvəllüdlü X2 və 23 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(060)-8902/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alitmentin artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(060)-8902/2018 saylı qətnaməsi ilə 17.09.2018-ci il tarixdən başlayaraq 23 may 2014-cü il təvəllüdlü X2 və 23 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, övladları əkizdirlər, onların tələbatları günü-gündən artır. Yeyib-içmək və digər xərclərini ödəyə bilmir. İşləmir, əlavə qazanc yeri yoxdur. Atasının himayəsi altında yaşayırlar. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 175 manat müəyyən edilmişdir. Hesab edir ki, 23 may 2014-cü il təvəllüdlü X2 və 23 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(060)-8902/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment cavabdeh Cavabdeh tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, onun maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik yoxdur. Əksinə, onun digər nikahdan olan övladları da var ki, onların da qayğısına qalmalıdır. Onun maddi vəziyyəti iddiaçının tələbində qeyd etdiyi alimentin artırılmasına imkan vermir. O, işləmir. Pandemiya dövrü onun maddi vəziyyətinə olduqca pis təsir etmişdir. Digər ailəsindən olan uşaqlar böyükdürlər və tələbatları daha çoxdur. İddianın təmin edilməsi üçün heç bir obyektiv səbəb yoxdur. Onun maddi vəziyyəti yaxşılaşmamışdır, əksinə pisləşmişdir. Bu səbəbdən, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(060)-8902/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, 23 may 2014-cü il təvəllüdlü X2 və 23 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 17.09.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin faktiki ailə münasibətindən 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında yaşamaqla, onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından göründüyü kimi, cavabdehin faktiki nikahdan doğulmuş, aliment ödədiyi övladlarından başqa digər ailəsindən də uşaqları var və cavabdeh onların da qayğılarını həll etməyə məcburdur. Bu, onun valideyn kimi vəzifəsidir. İddiaçı cavabdehin maddi imkanının kifayət qədər yaxşı olduğunu bildirsə də, qeyd olunan halı təsdiq edəcək sübutları (VÖEN-i olmaqla ticarət fəaliyyəti, xidmət fəaliyyəti yerinə yetirməsinə, sənətkarlıqla məşğul olmasına, kənd təsərrüfatı ilə məşğul olmasına və s.) məhkəməyə təqdim etməmişdir. Əksinə, təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh məcburi köçkündür, maddi vəziyyəti qeyri-qənaətbəxşdir. Bundan başqa, tərəflər arasında yaranmış mübahisə nəticəsində cavabdeh iddiaçıya qarşı cinayət əməli törətmiş, onun barəsində istintaq aparılmış, barəsində ittiham edici hökm çıxarılmışdır (Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2017-ci il tarixli 1(101)-733/2017 saylı hökmü). Göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına, yaxud maaşdan əlavə digər gəlirlərinin olmasına dair sübutlar təqdim olunmamışdır. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Bundan başqa, hazırkı iş üzrə cavabdehin digər övladları ilə bağlı da maddi qayğıları var və bu, ona iddiaçı ilə münasibətlərindən doğulmuş övladlarına əlavə aliment ödəməyə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5985/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5985/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver