Məhkəmə qərarları › İş №2(060)-5991/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5991/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5991/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə 23 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, 11-ci mkr, ev 2, mənzil 18 paylı mülkiyyət hüququ ilə cavabdehlərə məxsusdur. Mənzilin 39.7 kv.m-dən ibarət 3 yaşayış otağı Cavabdeh2, 10.4 kv.m-dən ibarət 1 yaşayış otağı Cavabdeh1 mülkiyyətindədir. Mənzil 31 may 1982-ci ildə 10/447 saylı order əsasında qayınatası X2 verilmişdir. Qayınatasının ölümündən sonra mənzil hazırkı iş üzrə cavabdehlərin adına keçmişdir. O, 28.01.2006-cı ildə cavabdehlərdən Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra mübahisəli mənzilə gəlin gəlmişdir və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. O mənzilə gəlin gələrkən mənzil dövlət mənzil fonduna aid olmuşdur. Keçmiş ev sahibi qayınatası və onun ailə üzvləri onu ailə üzvü kimi qəbul etmiş, mənzilə onun və ailə üzvlərinin razılığı əsasında köçürülməklə birgə təsərrüfat idarə etmişdir. Halhazırda da o həmin mənzildə yaşayır və bütün cehiz əmlakları da həmin mənzildədir. Mübahisəli mənzildə istifadə hüququ var. Lakin cavabdehlər könüllü şəkildə onun həmin mənzilə qeydiyyata düşməsinə razılıq vermir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun həmin mənzilə istifadə hüququ tanınmalıdır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərdən biri iddiaçının həyat yoldaşıdır, o təbii ki, iddianı qəbul edir. Lakin digər Cavabdeh1 iddiaçının qayını, yəni Cavabdeh2 qardaşıdır. Ev qardaşların paylı mülkiyyətində olduğu üçün iddiaçının həmin evə qeydiyyata salınması üçün onların hər ikisinin razılığı tələb olunur. Lakin Cavabdeh1 iddiaçının həmin evə istifadə hüququnun tanınmasına mane olur. Halbuki, onun həyat yoldaşı həmin evdə yaşamadığı halda mübahisəli mənzildə qeydiyyatdadır. Göstərilənlərə əsasən vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, onun həyat yoldaşı ailə qurduqları vaxtdan, yəni 2006-cı ildən ünvan 1 ünvanında yaşayır. Lakin bu vaxta kimi qardaşının razı olmaması səbəbindən həmin ünvana qeydiyyata düşə bilməmişdir. Bu isə yoldaşına bir sıra çətinliklər yaradır. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 19 avqust 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, 1982-ci ildən ünvan 1 ünvanında atasına order ilə ev verilmişdir. 1997-ci ildə atasının vəfatından sonra ev atasının adında qalmışdır. 2008-ci ildə anasının vəfatına qədər evlərində qardaşlar arasında ev bölgüsü mübahisəsi yaranmışdır. 2004-cü ildə qardaşı Elxan ailə qurub kirayədə yaşamağa başlamışdır. 2006cı ildə qardaşı Ceyhun ailə qurub ailəsini o razılıq verməsə də həmin mübahisəli evə gətirmişdir. Anasının vəfatından sonra qardaşı Ceyhun onu evdən çıxarmışdır. Səbəbi də o olmuşdur ki, evdə onun ailəsı var, sən get. Ağsaqqallar ona o evdən çıxmağı məsləhət görmüşlər. Dedilər ki ona şər atdıracaq. Daha sonra 2009-cu ildə qardaşı Elxan xəstəliyi ilə əlaqədar rəhmətə getmişdir. 2010-cu ildə o məhkəməyə atasının adında qalan mənzilə dair orderin dəyişdirilərək onun adına verilməsi və onun həmin mənzilə köçürülməsi barədə müraciət etmişdir. Məhkəmənin qərarı ilə mənzilin ikidə bir hissəsinə (payına) dair sosial kirayə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilmişdir. İcra hakimiyyəti otaqların kv.metrini müəyyən etmək üçün onun məhkəməyə yenidən müraciət etməsini bildirmişdir. 2013-cü ildə məhkəmə daha bir qətnamə qəbul etmişdir. Ceyhunun ailəsi dörd nəfərdən ibarət olduğu üçün ona üç otaq, ona isə 1 otaq verilmişdir. O məhkəməyə daha bir qardaşı - Elxanın ailəsi olduğunu, onun da ev haqqı olduğunu dedikdə o da müraciət etsə, onun da payı veriləcək - deyilmişdir. Hakimin sözündən sonra o məhkəməyə şikayət etməmişdir. Həmin vaxt o ailə qurmamışdı. 2014-cü ildə ona düşən otaq payını öz adına özəlləşdirərək çıxarış almışdır. Ailə qurub öz ailəsini o ünvana qeydiyyata salmışdır. O ünvanda qeydiyyatda olsa da onu və ailəsini o evə buraxmırlar. Onun mənzilindən istifadə edirlər. Amma ona düşən kommunal xərclərini vaxtında ödəyir. 2021-ci il may ayında qardaşı Ceyhunun qaynı Qiyas ona zəng vuraraq onunla görüş təyin etmişdir. Görüşdə bacısı Güneli o evə qeydiyyata salmaq istədiyini bildirmişdir. O isə evin problemli olduğunu bildirib ailə üzvləri ilə məsləhətləşməyi bildirmişdir. Səhərisi gün onu ASAN Xidmətə çağırmışdır. O ASAN Xidmətə çatar-çatmaz Günel onu təhqir etməyə başlamışdır. Ailəsı haqqında xoşagəlməz sözlər demişdir. Bundan sonra o razılıq verməkdən imtina edərək oradan uzaqlaşmışdır. Hal-hazırda da iddiaçının mənzilə qeydiyyata düşməsinə razı deyil. Belə ki, onlardan başqa daha bir qardaşı var. O rəhmətə getmişdir. Mənzil bölünərkən isə onun ailəsi nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 23 sentyabr 2021-ci il tarixli iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS726839745AZ saylı poçt göndərişinin izlənməsi barədə çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İ 208714 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 Ceyhun Raiq oğlu ilə 28.01.2006-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 82 nömrəli qeyd edilmişdir. Tərəflərin birgə nikahından 23.11.2006-cı il təvəllüdlü X5 və 10.02.2012-ci il təvəllüdlü X3 anadan olmuşdur (işdə olan AZ-İ 874881 saylı və AZ-İİ 825506 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən). İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH-nin MKTİB-nin 17 saylı Mənzil Kommunal Sahəsinin 18.05.2021-ci il tarixli 461 saylı arayışından görünür ki, İddiaçı 2006cı ildən ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 11-ci mikrorayon, ev 2, 18 saylı mənzilin 3 yaşayış otağı Cavabdeh2, 1 yaşayış otağı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı 2006-cı ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş, həmin tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2, 18 saylı mənzilə gəlin köçmüş və həmin vaxtdan hal-hazıradək Cavabdeh2la sözügedən ünvanda yaşayır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə gəlin köçərkən mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid yaşayış sahəsi olmuş, mənzilin bir otağı 2014-cü ildə, digər üç otağı isə 2021-ci ildə özəlləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil cavabdehlər ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur və hal-hazırda istifadə olunmağa davam edir. İddiaçı və cavabdehlər mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, istifadə hüququnun tanınması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına istifadə hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar