Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-600/2021 24.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, cavabdehi 8 ildən artıqdır ki, maşın alverçisi kimi tanıyır. O, təxminən həmin ərəfələrdə cavabdehlə birlikdə Gürcüstana getməklə oradan öz adına “Opel Astra” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşın gətirmişdir. 2019-cu ilin iyul ayında o, təcili Türkiyəyə, uşaqlarının yanına getməli olduğu üçün cavabdehdən xahiş etmişdir ki, ona məxsus olan maşını satsın, qayıtdıqdan sonra pulunu alar. Cavabdeh onunla razılaşmış, lakin həmin vaxt cavabdeh ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsini götürməmiş, ona görə də, cavabdehin təklifi əsasında o, maşina dair etibarnaməni maşın ustası kimi uzun illər tanıdığı Abbasov Ehtibarın adına vermiş, maşını sənədlərlə birlikdə cavabdehə təqdim etməklə Türkiyəyə yola düşmüşdür. 2019-cu il dekabr ayının ortalarında Türkiyədən qayıtmış və cavabdehlə görüş zamanı cavabdeh ona bildirmişdir ki, həmin avtomaşını 9000 manata satmışdır və hazırda üstündə 3000 manat pulu vardır, həmin pulu qəbul etsin, ən geci 1 ay müddətində qalan 6000 manat pulu da ona çatdıracaqdır. O, da cavabdehdən 3000 manat pulu almış və 1 ay gözləmişdir. Lakin cavabdeh vəd verdiyi vaxtda pulu ona çatdırmamış, dəfələrlə cavabdehin mobil telefonuna zəng etmiş, faktiki yaşadığı ünvana getmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirməklə pulunu verməmiş, sonra da ümumiyyətlə zənglərinə cavab verməyərək ondan qaçmağa başlamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili X5 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək göstərdi ki, Baş Dövlət Yol Polisi İdarəsidən əldə edilmiş sənədlərdən aydın olur ki, iddiaçıya məxsus avtomobil sonradan 8900 manata satılmışdır. Cavabdeh iddiaçıya 3000 manat verərkən, avtomobili 9000 manata satdığını demişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X7 etirazla məhkəməyə müraciət edərək göstərdi ki, iddianı qismən, 1.500 manat hissəsində qəbul edirlər və iddianı qalan hissədə aşağıda göstərdiklərinə əsasən əsassız olduğunu hesab edir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan nəqliyyat vasitəsinin satılmasına görə cavabdehə etibarnamə verilmişdir. Belə ki, avtomaşın nasaz vəziyyətdə yəni mühərrikində və sürət qutusunda ciddi problemlər olduğuna görə iddiaçı maşını satmaq istədiyini bildirmişdir. Cavabdeh ustalarla məsləhətləşmiş və cavabdehə maşının 2500-3000 manat məbləğində təmir xərci olduğunu bildirmişlər. Bundan sonra maşının nasaz vəziyyətdə olduğuna görə cavabdeh iddiaçıya bildirmişdir ki, həmin vəziyyətdə maşını 5000-5500 manat civarında satıla bilər. İddiaçı da öz növbəsində sözügedən qiymət civarında maşının satılması ilə razılaşmış və maşını satsa, satışdan əldə olunmuş puldan 500 manat məbləği cavabdehə verəcəyini vədd etmişdir. 2019-cu ilin iyun ayında cavabdeh avtomaşını etibarnamə ilə 5.000 manata faktiki olaraq Faris adlı şəxsə sataraq onun sahibliyinə vermişdir. Təxminən 5-10 gün müddət sonra Faris cavabdehə zəng edərək maşına görə xərcə düşdüyünü və qaytarmaq istədiyini bildirmişdir. Cavabdeh də maşının onun olmadığını və pulun maşının sahibinə verdiyini demişdir. Bir müddət sonra Faris cavabdehə zəng edərək maşını cavabdehin ona satdığı qiymətdən 1.000 manat ucuz 4000 manat qiymətə satdığını və ziyana düşdüyünü deyərək öz iradını cavabdehə bildirmişdir. Ona görə də hesab edir ki, iddiaçının maşının dəyərinin 9000 manat məbləğində dəyərləndirilməsi əsassızdır. İddia olunan 6000 manat pul məbləğində tələbin hansı amillərə və sübutlara əsaslandığı məlum deyil. Yuxarıda da qeyd etdiyi kimi faktiki olaraq maşının satış qiyməti 5000 manat təşkil etmişdir. Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsindən Məhkəmə tərəfindən alınmış alqı-satqı sənədlərindən görünür ki, maşını satdığı Faris adlı şəxs sözügedən maşını 4000 manata alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə satmışdır. Yəni cavabdehin satdığı qiymətdən 1000 manat daha ucuz qiymətə satmışdır. İddiaçının tələbinə gəldikdə isə bir daha bildirir ki, irəli sürdüyü tələb heç bir sübut və dəlilə söykənmir. Hansı ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən 2(060)-5695/2020 saylı mülki iş üzrə İddiaçı cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 6000 manat məbləğində iddianın qismən 4500 manat məbləğində olan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, iddiaçını tanıyır. Belə ki, o, avtomobil təmiri ustasıdır. O, əvvəllər iddiaçıya məxsus olmuş “Opel Astra” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qulluq etmişdir. Həmin avtomobil iddiaçının sahibliyində olan zaman saz vəziyyətdə olmuşdur. Avtomobilin cavabdeh tərəfindən satılması məsələsi onun iştirakı ilə olmuşdur. Belə ki, iddiaçı Türkiyəyə gedən zaman avtomobili cavabdehin satması üçün onun adına etibarnamə vermiş, sonra avtomobil satılan zaman cavabdeh onu “Asan Xidmət”-ə dəvət edərək, avtomobili satdığını, ona görə də etibarnamə verməsini bildirmişdir. O, cavabdehlə “Asan Xidmət”-ə gedərək avtomobilə dair etibarnamə vermiş və orada ona məlum olmuşdur ki, cavabdeh avtomobili 9000 manata satmışdır. Bundan bir müddət keçdikdən sonra iddiaçı Türkiyədən qayıtmış, onlar birlikdə cavabdehlə görüşərkən, cavabdeh iddiaçıya 3000 manat vermiş, qalan 6000 manatı isə problemləri olduğuna görə sonra ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, iddiaçının qonşusudur. O, iddiaçının evində olan zaman Cavabdeh həmin evə gəlmiş, bu zaman iddiaçı cavabdehdən pulu gətirdiyini soruşmuş, cavabdeh isə qalan 6000 manat pulu 1 aya ödəyəcəyini demişdir. Orada ona məlum olmuşdur ki, cavabdeh iddiaçının avtomobilini 9000 manata satmış, ondan 3000 manat ödəmiş, 6000 manatı isə ödəməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 “Opel Astra” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 8900 manata satmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus avtomobili satıb, əldə edilmiş pulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Avtomobilin cavabdeh tərəfindən satılması mübahisələndirilmir. Belə ki, hər iki tərəf avtomobilin satışından əldə edilmiş puldan cavabdeh tərəfindən iddiaçıya 3000 manat verildiyini təsdiq edirlər. Cavabdeh avtomobili 9000 manata satdıqdan sonra, bundan 3000 manat iddiaçıya verdiyini, qalan 6000 manatı isə sonra iddiaçıya verməsi barədə öhdəlik götürməsi işin araşdırılan halları, iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə müəyyən edilir. Cavabdeh tərəf iddianı qismən qəbul edərək iddiaçıya məxsus avtomobili Faris adlı şəxsə 5000 manata satdığını bildirsə də, etirazının əsası kimi məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-600/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-600/2021
24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver