Məhkəmə qərarları › İş №2(060)-6013/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6013/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6013/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə 01 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən “SN Telekom” MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 196,35 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik məbləğində bank xidmət haqqının, cəmi 266,75 manat məbləğində pulun tutulub İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "SN Telekom” MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il , 29.03.2015-ci il və 04.01.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 2 saylı MKİS-dən olan arayışdan görünür ki, Cavabdeh, ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, 18.05.2020-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 18.05.2020-ci il tarixdə 1685 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış 01.10.2018-ci il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan 01.10.2018-ci il tarixdə şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan 18.05.2020-ci il tarixli 1685 N saylı aktın tərtib olunma tarixinədək olan müddət olan müddət 595 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 196.35 manat təşkil edir. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx"MMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat pul ödəyir. Ödənilən dövlət rüsumu 20 manat, bank xidməti haqqı isə 0.40 (qırx) qəpik təşkil edir. Beləliklə cavabdehin cəmi 266,75 manat borcu var. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzildə əvvəllər də qanunsuz qoşulma halları baş vermişdir. Belə ki, ünvan 1 ünvanına bir dəfə də 2011-ci il tarixdə qanunsuz qoşulma ilə bağlı akt tərtib olunmuş, həmin akta əsasən yazılmış 100 manat cərimə onlar tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbini qəbul etmir. Sözügedən mənzildə onların yaxın qohumları yaşayır. Onlar da "xxxx" MMC-nin xidmətlərindən istifadəyə görə həmişə ödənişlər ediblər. Qohumları tərəfindən sonuncu ödənişlər 2020-ci ilin mart ayında olub. 2020-ci ilin mart ayından etibarən həmin evdə yaşayış yoxdur. Bunu işıq idarəsindən əldə olunmuş çıxarış da təsdiq edir. Bundan əlavə qanunsuz qoşulma barədə 18.05.2020-ci il tarixdə akt tərtib olunmuş, ona isə bu barədə 2021-ci ildə məlumat verilmişdir. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sübutlar təqdim olunmuşdur: İşdə olan 28.09.2020-ci il tarixli, 1018 saylı arayışa əsasən, Cavabdeh ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş 18.05.2020-ci il tarixli 1685 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, 18.05.2020-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları ünvan 2 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 18.05.2020-ci il tarixdə akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İşdə olan 16 iyun 2021-ci il tarixli, 433 nömrəli ödəniş tağşırığının surətindən görünür ki, İddiaçı MMC (SNTV) "xxxx" MMC-nin hesab nömrəsinə 50 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan 144 nömrəli, 23.09.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında internet xidməti üçün aylıq abunə haqqı 18 AZN olmaqla son ödəmə 24.02.2020-ci il tarixində olmuşdur. TV xidmətindən isə bu ünvanda 15.10.2018-ci il tarixindən imtina edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və nəticədə cavabdehin, iddiaçı "xxxx" MMC qarşısında maddi ziyana görə 196,35 manat məbləğində borcu yaranmışdır. Bu halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video-görüntü və digər sübutlar da təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh oğlundan ünvan 2 ünvanında iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmaqla iddiaçıya vurduğu ziyana görə 196,35 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə cavabdehin 2020-ci ilin may ayında həmin mənzildə yaşayış olmaması, bunun "xxxx" ASC-dən əldə edilmiş abunə haqqında məlumatla təsdiq olunması barədə dəlillərini qəbul etmir. Belə ki, iş materiallarında olan 03.06.2021-ci il tarixli mübahisəli mənzilə aid abunə haqqında məlumatdan görünür ki, 2020-ci ilin yalnız may, iyun və iyul aylarında elektrik enerjisindən istifadə 0-a bərabər olmuş, həmin vaxtadək və ondan sonra mənzildə elektrik enerjisindən istifadə olunmuşdur. Bundan əlavə akt tərtib olunan tarixdə, yəni 18.05.2020-ci il tarixdə elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-yə hökümət ödəniş sistemi vasitəsilə 4 manat ödəniş edilmişdir. Məhkəmə onu da qeyd edir ki, kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuş şəxsin bəzi vaxtlar onu istifadə etməməsi şəxsin qanunsuz qoşulmaya görə məsuliyyətdən azad edilməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, "xxxx" hüquq firmasına hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 196,35 (bir yüz doxsan altı manat otuz beş qəpik) manat abunə haqqı qismində vurulmuş zərərin əvəzi, hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində bank xidmət haqqı olmaqla, ümumilikdə 266,75 (iki yüz altmış altı manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar