Məhkəmə qərarları › İş №2(060)-6021/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6021/2022

27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6021/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən “Attenti” markalı elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat məbləğində pulun nəzarət subyektindən alınaraq AZ41NABZ******************** nömrəli hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixdə məhkum qeydiyyata götürülmüşdür. xx.xx.2021-ci il tarixdə nəzarət subyekti olan cavabdehin yaşadığı ünvanında “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 1 ədəd mobil qurğunun enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Lakin cavabdehin dediyinə görə “Attenti” markalı elektron nəzarət qurğusunun məsuliyyətsizlik edərək yolun qırğında səkiyə qoymuş və bu zaman avtomobil üzərindən keçmişdir. Belə olan halda hesab edilir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından “Attenti” markalı elektron nəzarət qurğusunun mobil qurğusu sınaraq yararsız hala düşmüş və maddi ziyan vurulmuşdur. Mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. Hökmün icrası cavabdehin yaşayış yeri üzrə İddiaçınə tapşırılmışdır. xx.xx.2021-ci il tarixli bildirişə əsasən məhkum İddiaçı qeydiyyatına götürülmüşdür. xx.xx.2021-ci il tarixli protokola əsasən cavabdeh elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi barədə xəbərdalıq edilmişdir. Bundan sonra məhkuma 1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğu üçün saxlanc qab, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd elektron qolbağ və 1 ədəd komplekti saxlanc üçün qab təhvil verilmişdir. Məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-88/2021 saylı, xx.xx.2021-ci il tarixli ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş cavabdehə xx.xx.2021-ci il tarixdə elektron nəzarət vasitəsi tədbiq olunmuşdur. Cavabdehin mobil nəzarət qurğusuna baxış keçirilərkən ona təhvil verilmiş mobil nəzarət qurğusunun ekranı ciddi xəsarət olunduğundan yararsız vəziyyətdə müəyyən edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli izahatında nəzarət vasitəsini işlək saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olamadan yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsinə hər hansı müdaxilənin və ya üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağının izah edildiyini və üzərinə vəzifə qoyulduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materiallarından görünür ki, iddiaçının dəyərinin ödənilməsini tələb etdiyi elektron nəzarət qurğusu cavabdehin təöqsirli hərəkəti nəticəsində yararsız vəziyyətə düşmüş, nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Elekton nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün cavabdeh məsuliyyət daşıdığı üçün elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar