Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6022/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 25 noyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Attenti” markalı elektron nəzarət qurğusunun dəyəri, yəni 2277.40 manat məbləğində pulun nəzarət subyektindən alınaraq (VÖEN: **********, H/H: AZ66CTRE********************, KOD:210005, SWİFT: CTREAZ22) hesaba köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və xx.xx.2020-ci il tarixdə məhkum qeydiyyata götürülmüşdür. xx.xx.2021-ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanında “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 1 ədəd mobil qurğunun enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafıq protokol tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixdə şöbəyə çağırılan zaman baxış keçirilmiş və baxış zamanı “Attenti” markalı elektron nəzarət qurğusunun mobil nəzarət vasitəsinin yararsız halda olduğu aşkar edilmişdir. Məhkum Cavabdeh izahatında yaşadığı evin həyətində ayağının büdrədiyini və köynəyinin cibindən yerə düşdüyünü bildirmişdir. Belə olan halda hesab edilir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından “Attenti” markalı elektron nəzarət qurğusunun mobil qurğusu sınaraq yararsız hala düşmüş və maddi ziyan vurulmuşdur. Mobil nəzarət qurğusunun dəyəri 2277.40 manat təşkil edir. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, həqiqətən də aparat ona təqdim ediləndə onda heç bir problem olmamışdır. Əslində iddia tələbini qəbul edir. Həqiqətən ayağı büdrəmiş, həmin qurğu yerə düşmüşdür. Lakin ondan tələb olunan məbləği ödəməyə onun maddi güc yoxdur. Özü hazırda müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bu səbəbdən işləyə bilmir. İcra İdarəsi onun hazırda hansı vəziyyətdə yaşaşadığını bilir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-341/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünün məzmunundan görünür ki, həmin hökmlə Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması hökm edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli göstərişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-341/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir və həmin hökm azadlığın məhudlaşdırılması hissəsində icra edilməsi Sumqayıt şəhər Porbasiya Şöbəsinə göndərilmişdir. İşdə olan 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh 1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğu üçün saxlanc qab, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd elektron qolbaq və 1 ədəd kompekti saxlanc üçün qab təhvil verilmiş və ona elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh mobil nəzarət qurğusuna baxış keçiriləkən məhkuma təhvil verilmiş mobil nəzarət qurğusunda ciddi xəsarət olduğu müəyyən edilmişdir. İşdə olan EURODESİGN QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ED-M-N 96-21 saylı məktubdan görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilən mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri, yəni 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik aparatı, 1 ədəd proqram lisenziyası üçün 1930 AZN və 347,40 AZN ƏDV olmaqla ümumilikdə 2277.40 AZN-dir. İşdə olan Cavabdeh xx.xx.2021-ci il tarixli izahat ərizəsindən görünür ki, o izahatında evin qapısından çıxanda (tarix yadında deyil) həyətdə ayağının büdrədiyini, köynəyinin üst cibindən mobil nəzarət qurğusunun betonun üstünə düşdüyünü və mobil nəzarət qurğusunun xəsarət aldığını qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ehtiyatsızlıqdan ona təhkim edilmiş mobil nəzarət qurğusunun zədələnməsinə və yararsız vəziyyətə düşməsinə səbəb olan hərəkətlərə yol vermiş, nəticədə dövlət büdcəsinə 2277.40 manat məbləğində maddi ziyan dəymişdir. Bu hal iş materiallarında olan sənədlər, o cümlədən cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi QAYDALARİ”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində zərər tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (M/H: AZ41NABZ013601**********3944, VÖEN: **********, kod: 210005, H/H: AZ66CTRE********************, KOD:210005, SWİFT: CTREAZ22, büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatnın kodu: 142330) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6022/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6022/2022
25.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver