Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6047/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: iddiadan imtina) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, iddiaçı cavabdehlərə qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə 2383.94 manat əsas, 362.52 manat faiz, 93.33 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2839.79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 48.80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; Maddə 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Maddə 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir.
4. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılması o zaman yolveriləndir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar iş materiallarına əlavə edilsin, məhkəmə tərəfindən tələbi təsdiq edən hər hansı əlavə sübut tələb edilməsinə ehtiyac qalmasın. Çünki məhkəmə işə yazılı icraat qaydasında, əlavə araşdırma aparmadan və tərəfləri dinləmədən baxır.
5. Elə bu səbəbdəndir ki, mülki prosessual qanunvericilik tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin icraata qəbulundan imtina edilməsinə yol vermişdir.
6. İddiaçı «X3» ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 25% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdehlər öhdəliklərini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar.
7. İddiaçı iddia tələbini əsaslandırdığı hal kimi işə əlavə etdiyi xx.xx.2024-cü il tarixli, 31micSUM/24-EM nömrəli əsas kredit, xx.xx.2024-cü il tarixli, 31micSUM/24-EM nömrəli əlavə kredit və xx.xx.2024-cü il tarixli, 31micSUM/24-EM nömrəli zaminlik müqavilələrinə əsaslanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 12 ay müddətinə illik 24 % ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmiş, zamin X4 onun öhdəliklərini icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür.
8. İddiaçı isə borcun əsas borclu Cavabdeh1 ilə yanaşı zamin X2 deyil, müqavilə üzrə tərəf olmayan Cavabdeh2 tutulmasını xahiş etmişdir.
9. İş materiallarında «X3» ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit və zaminlik müqavilələri mövcud deyildir.
10. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri tələbi təsdiq edən sənəd kimi qəbul edə bilməz.
11. Göründüyü kimi hazırkı iş materiallarında iddianı təsdiq edən sənədlər əlavə edilməmişdir və belə olan halda ərizənin icraata qəbulundan imtina edilməlidir.
12. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 48.40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən «X3» ASC-yə geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. «X3» ASC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Pərvin İmamverdiyeva