Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6065/2023 27.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh onun xeyrinə maddi zərər kimi 7.100 (yeddi min yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və 95 (doxsan beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun- cəmi 7.395 (yeddi min üç yüz doxsan beş) manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən bağlı avtodayanacaq onun mülkiyyətindədir və 1997-ci ildən bu günə kimi qardaşı Nümayəndə istifadəsindədir. Cavabdeh 05 iyun 2017-ci il tarixdə özünə məxsus ev əşyalarını müvəqqəti olaraq 10-15 gün müddətinə avtodayanacaqdakı otaqlardan birinə yerləşdirib saxlamağı xahiş etmiş və kirayə haqqını ödəyəcəyinə söz vermişdir. Qardaşı Nümayəndə onunla razılaşmış və bildirilmişdir ki, 10- 15 gün üçün kirayə haqqı kimi özü nə verərsə versin, ancaq bu yerin aylıq kirayə haqqı 100 manatdır. Onlar şifahi olaraq belə razılaşmışlar. Ertəsi gün Elçin və Cavabdeh qardaşları həmin ev əşyalarını gətirib avtodayanacaqdakı otaqlardan birinə yerləşdirmişlər. Təxminən 1 aydan sonra avtodayacanağın gözətçisi X1 30 manat pul vermiş və bildirmişlər ki, 2-3 günə ev əşyalarını avtodayanacaqdan götürəcəklər. Lakin, bu günə qədər Cavabdeh ev əşyalarını avtodayanacaqdan aparmış və kirayə haqqını ödəməmişdir. Nəticədə, cavabdeh özünə məxsus ev əşyalarını uzun müddət avtodayanacaqda saxlamaqla qeyri-yaşayış sahəsini zəbt etmiş və ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, 2017-ci ilin iyun ayından bu günə kimi o həmin qeyriyaşayış sahəsini kirayə vermiş, qazanc əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh onun xeyrinə maddi zərər kimi 7100 manat məbləğində pulun tutulması barədə qətnamə qət edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi zərər kimi 7.100 (yeddi min yüz) manat, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və 95 (doxsan beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun- cəmi 7.395 (yeddi min üç yüz doxsan beş) manat məbləğində pul tutulması və qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehə məxsus əşyaların həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, cavabdeh öncələr bir və yaxud iki ay kirayə haqqı olaraq 30 və yaxud 60 manat ödəmişdir. Cavabdehlə şifahi şəkildə müqavilə olmuşdur. Onda yer olmuş, digər şəxs ilə müqavilə bağlamış və onu da məhkəməyə təqdim etmişdir. Həmin müqavilənin predmeti olan ev başqa yerdə yerləşir. Cavabdeh ilə yazılı şəkildə müqavilə bağlanmamasına səbəb cavabdehin ondan evi 10 gün üçün istifadə etmək istəməsi olmuşdur. Ona görə də şifahi şəkildə razılığa gəlmişlər. Hal-hazırda əşyalar həmin evdədir. Bir dəfə cavabdeh gəlmiş və bildirmişdir ki, ödəniş etmədən əşyaları aparsın. Lakin o isə verməmişdir. 100 manata razılığa gəlmək barədə şifahi razılaşmanı iki nəfər mühafizəçi görmüşdür. Ümumi 120 manat pul ödəmişdir. Ora bənzər başqa bir anbar vardır. Onunla müqaviləni 180 manatdan bağlamışlar. Buranın qiyməti isə 150 manatdır. O isə 100 manatdan hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də (məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, istifadəsində olan telefon nömrəsinə isə AZEMİS vasitəsi ilə SMS xəbərdarlıq göndərilmişdir), məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Alışar kəndində xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. 01 fevral 2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Nümayəndə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Alışar kəndində xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. 19 yanvar 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının 21 noyabr 2003-cü il tarixli, 97 nömrəli İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarından görünür ki, “Fərhad-A” firmasının təsisçilərinin razılığını nəzərə alaraq, Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 20 noyabr 2003-cü il tarixli, 88 saylı protokoluna əsaslanaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 fevral 1998-ci il tarixli, 154 saylı sərəncamı ilə “Fərhad-A” firmasına 10-cu mikrorayon ərazisində örtülü avtomobil dayanacağı tikintisi məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsinin firmadan geri alınması və həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməsi, qərarın verildiyi gündən rəsmiləşdirilmiş torpaq sahəsinə aid tapşırıqlar və öhdəliklərlə bağlı məsuliyyətin İddiaçı üzərinə düşməyi, bələdiyyənin memarlıq və tikinti şöbəsinə rəsmiləşdirilmiş torpaq sahəsinə aid müvafiq sənədlərin hazırlanmasının tapşırılması, qərarın icrasına nəzarətin bələdiyyənin memarlıq və tikinti, bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin maps şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, BÖO seriyalı, 569773 nömrəli kassa mədaxilorderinin qəbzindən görünür ki, Nümayəndə hüquqi xidmət üçün 200 (iki yüz) manat məbləğində mədaxil etmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, Nümayəndə məhkəməyə iddia tələbi ilə müraciət etmək üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 51 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 3 ədəd fotoşəkillərdən darvaza və əşyaların olduğu müəyyən olunur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin hesabına bələdiyyə mülkiyyətinin icarəsinə görə 3000 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən analoji qeyri-yaşayış sahəsi ilə bağlanmış 23 avqust 2021-ci il tarixli, 08 nömrəli icarə müqaviləsindən görünür ki, icarədar İddiaçı ilə icarəçi X4 arasında müqavilə bağlanmışdır. İcarədar İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinin 50 kv.metrdən ibarət bir hissəsini X3 icarəyə verir, X4 isə həmin 50 kv.metr sahəsi təhvil alır. Bu icarə müqaviləsi 3 (üç) il müddətinə bağlanır və 23 avqust 2021-ci il tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olan müddəti qurtardıqdan sonra əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam etsələr, onda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş olur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının 21 noyabr 2003-cü il tarixli, 97 nömrəli İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında qərarına əsasən “Fərhad-A” firmasının təsisçilərinin razılığını nəzərə alaraq, Sumqayıt Şəhər Bələdiyyəsi torpaq komissiyasının 20 noyabr 2003-cü il tarixli, 88 saylı protokoluna əsaslanaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 fevral 1998-ci il tarixli, 154 saylı sərəncamı ilə “Fərhad-A” firmasına 10-cu mikrorayon ərazisində örtülü avtomobil dayanacağı tikintisi məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsi firmadan geri alınmış və həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının iddia etdiyinə görə 2017-ci il tarixdə əşyalarını həmin avtodayanacağa yerləşdirmiş və bu günə kimi həmin əşyalar həmin sahədə qalmış, iddiaçı isə həmin sahədən istifadə edə bilmədiyi, yəni gəlir əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmiş, əşyaların həmin sahədə olduğunu təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən iddia tələbindən məlumatlı olmasına baxmayaraq, iddianı qəbul etməməsinə dair məhkəməyə məlumat verməmiş, etirazının əsaslarını məhkəməyə bildirməmişdir. İşin mübahisə edilməyən halı cavabdehin ona qarşı verilmiş iddianın dəlillərini mübahisələndirməməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeydolunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyənmüddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi olan (anbar kimi) istifadə edilən sahə cavabdehin əşyalarını yığmaqla qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli sahədən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan 7100 manat maddi zərər həqiqəti əks etdirmir. Məhkəmə iclasında tədqiq edilmiş hallara əsasən (iddiaçının nümayəndəsinin bildirdiyi izahata) məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin arasında olan şifahi razılaşmaya əsasən icarə haqqı qismində ödənilmiş 30 manatı 2017-ci il ilin iyun ayından hesablamaqla cavabdehdən iddiaçının xeyrinə pul məbləği tutulmaqla, qeyri-yaşayış sahəsi boşaldılmalıdır. İcarə haqqı qismində ödənilməli olan məbləğ, müddət olaraq altmış altı ay 30 manata vurulmaqla hesablanmalı, yəni 66x30=1980 manat maddi zərərin cavabdehdən tutulub iddiaçıya ödənilməsi ədalətli və işin tədqiq olunan hallarına uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsindən görünür ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əsasən, məhkəmədə hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 51 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 200 manat hüquqi yardımın göstərilməsi məbləğində pul, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 41.8 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əşyaları 10-cu mikrorayon ərazisində örtülü avtomobil dayanacağı tikintisi məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsindən (anbardan) çıxarılmalı, Cavabdeh İddiaçı xeyrinə 1980 manat maddi zərər, 200 manat hüquqi yardımın göstərilməsi üçün pul məbləği, cəmi 2180 (iki min yüz səksən) manat məbləğində pul, 41.8 (qırx bir manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh məxsus əşyalar İddiaçı istifadəsində olan 10-cu mikrorayon ərazisində örtülü avtomobil dayanacağı tikintisi məqsədi ilə ayrılmış 0.32 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsindən (anbardan) çıxarılsın. Cavabdeh İddiaçı xeyrinə 1980 manat maddi zərər, 200 manat hüquqi yardımın göstərilməsi üçün pul məbləği, cəmi 2180 (iki min yüz səksən) manat məbləğində pul, 41.8 (qırx bir manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6065/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6065/2023
27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver