Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6066/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Hüseyn oğlunun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdən Cavabdeh2 ilə əvvəllər dost olmuş, xx.xx.2023-cü il tarixdə o, dostu Natiq işləyən avtosalona gedib, orada “BMW X6” markalı avtomaşını görüb xoşu gəlmiş, maşını almaq istəyəndə Natiq demişdir ki, avtomaşın bibisi oğlu-digər Cavabdeh1 məxsusdur. Babək maşını iddiaçıya 30.500 manata satdı və bildirdi ki, heç bir problemi yoxdur. Maşını ilkin olaraq sürəndə də heç bir problem hiss olunmadı, razılaşaraq avtomaşını onlardan 30.500 manata aldı. Lakin ilk günlərdən maşında gizlin olan, yalnız uzun müddət sürəndə üzə çıxan problemlər olduğu bəlli oldu. Bu barədə cavabdehlərə bildirmişdir ki, ya avtomaşının təmir xərclərini ödəsinlər, ya da pulunu geri qaytarsınlar. Cavabdehlər hər dəfə bir bəhanə gətirərək cavabdehliyi bir birinin üstünə atırdılar, sonda isə ümumiyyətlə telefonlarına cavab vermədilər. Sonda iddiaçı məcbur olub avtomaşını təmir etdirmişdir. Avtomaşında dəyişdirilmiş hissələr bunlardır: 1. Blok( qlizovka)- 600 manat, 2. Blokun şpilkalarının yeri- 200 manat, 3. Turbinlərin istilik hissəsi- 600 manat, 4. Başlıqların salnikləri 480 manat, 5. Satuni köklü vkladeşlər- 1700 manat, 6. Dairəvi raspredval zəncirləri komplekt-700 manat, 7. Mexaniki su pompası- 170 manat, 8. Usta xərci-1300 manat olmaqla cəmi 5750 manat. İddiaçı bu təmirə ümumi olaraq 5750 manat pul xərcləmişdir. Cavabdehlərin bu hərəkətləri barədə polisə şikayət etmiş və araşdırmadan sonra cavabdehlərin əməllərində cinayət tərkibi olmamış, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməyi barədə qərar qəbul edildi. Ona görə də hazırda iddiaçı bu iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən iddiaçıya vurulmuş ziyanın onlardan alınaraq iddiaçıya verilməsini tələb edir. Göstərilənlərə əsasən cavabdehlərdən müştərək qaydada 5750 manat ziyanın və 77,5 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 etiraz edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, İddiaçı Hüseyn oğluna maddi ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, Babək “BMW X6” markalı avtomobili salonda satarkən dostu olan İddiaçı bu avtomobili görüb bəyənmiş və avtomobili almaq istədiyini bildirmiş, bu zaman Babək və Samirə onlardan pul almayacağını, lakin avtomobili yoxlamalarını xahiş etmiş. Samir də bundan sonra avtomobili yoxlamaq üçün test yürüşü etmiş, daha sonra Samir avtomobili çox bəyənmiş və onu 30.500 manat pul müqabilində Babəkdən aldığını demişdir. Babək həmin puldan heç kimə heç nə verməmiş, pulun hamısı özünə qalmış, özü Babəkdən avtomobili salona qoymazdan əvvəl avtoyuyucuda təmizlətdiyi üçün heç olmasa 50 manat pul verməsini xahiş etmiş, lakin Babək heç ona da pul verməmiş, bu hadisədən təxminən 3- 4 gün sonra Samir ona zəng edib avtomobildə bir sıra nöqsanlar aşkar etməyə başladığını bildirmiş, bu zaman o, Samirə avtomobili yoxlayıb almasını xahiş etdiyini xatırlatmış, lakin bununla da yekunlaşmamış, Samir ona hər gün zəng edərək avtomobildə müxtəlif nöqsanlar aşkar etməsini və bu barədə şikayət edəcəyini bildirmiş, bu zaman Babəklə danışıb avtomobildə olan nasazlar bağlı Samirlə əlaqə saxlamasını istəmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı Hüseyn oğlu müştəri qismində "BMW X6” markalı avtomobili dayısı oğlu Natiqə 30.500 manata almaq istədiyini demişdir. Bundan sonra, Cavabdeh2 həmin avtomobili satmaq üçün ona tapşırıq vermişdir. Samir daha sonra avtomobili yoxlamaq üçün Sumqayıt şəhərində test yürüşləri etmiş və avtomobilin yaxşı vəziyyətdə olduğunu və avtomobilə baxış keçirməsinə lazım olmadığını demişdir.
8. İş materiallarında olan “G ENERGY” tərəfindən verilmiş arayışdan görünür ki, servis ümumi maşında görülən işlər: blokun qilzovkası 600 manat, blokun spilkaların yerin remontu 200 manat, turbinlərin isti hissəsinin remontu 600 manat, qalovkaların salnikləri və remontu 480 manat, satuni karenoy vkilasdislər 1700 manat, dairəvi rasprdval sepləri komplekt 700 manat, mexaniki su pompası 170 manat və bütün bu işlər üzrə usta zəhmət haqqı isə 1300 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "BMW X6” markalı avtomobili “TT 064” adlı avtosalonda bəyənmiş, daha sonradan iddiaçı avtomobili alğı-satqı edərək öz adına rəsmiləşdirmişdir. Bir müddət keçəndən sonra avtomobildə nasazlıq yaranmış və hazırda iddiaçı dəymiş ziyanın əvəzini tələb edir. Cavabdehlər isə avtomobil alınarkən iddiaçı tərəfindən yoxlanıldığını bildirmişlər.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
11. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.
12. Belə ki, iş materiallarında olan sübutlardan, tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.
13. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.
19. Eyni Məcəllənin 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.
20. Həmin Məcəllənin 571.3-cü maddəsinə əsasən əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir.
21. Məhkəmə qeyd edir ki, iddiaçı ona vurulmuş 5750 manat maddi ziyanın olmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
22. Belə ki, iddiaçı avtomobili alğı-satqı etdikdən sonra təqribən 5 (beş) aya yaxın müddət ərzində istifadə etmişdir. Məhkəmə zamanı isə iddiaçı tərəfindən sonrakı qüsurların yaranma anı və səbəbi sübuta yetirilə bilinməmişdir. Bu hal isə onu göstərir ki, qeyd olunan qüsurlar iddiaçının avtomobili alğı-satqı etdikdən sonra öz istifadəsində olduğu zamanda yarana bilərdi. İddiaçının hazırki iddiası isə yalnız formal mülahizələrə əsaslanmış və əksinin sübut edən (həm əvvəlki, həm alğı-satqı zamanı qüsurların fotoşəkilləri və s.) sübutlar təqdim edilməmişdir. Belə olduqda, iddiaçı ona 5750 manat maddi ziyan dəydiyini məhkəmədə sübuta yetirə bilməmişdir.
23. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
24. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
25. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
26. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
27. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
28. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
29. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva