Məhkəmə qərarları › İş №2(060)-6070/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6070/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6070/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh ilə nikahda olduqları dövrdə doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Cavabdeh ilə xx.xx.1990-ci il tarixində nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların xx.xx.1998-ci il təvəllüdlü X9, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə xx.xx.1990-ci il tarixində aralarında bağlanmış nikahın pozulması, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X2 ananın yanında qalması və uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 136 manat, ümumilikdə 272 manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bildirir ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 təhsil və tibbi xərcləri ilə maraqlanmır. Övladlarının xərcləri yetərincə artıqdır. X2 təhsil və tibbi xərcləri Sumqayıt şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarından xeyli artıqdır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh vaxtı-vaxtında ödəməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, hazırda 2 övladı var., hər ikisi gözdən əlildir. Balaca oğlu həm də qulaqdan 3/4 dərəcəli ağır eşidir. Cavabdeh uşaqları ilə maraqlanmır, məhkəmə qətnaməsi ilə tutulmuş alimenti ödəmədiyi üçün borcu yaranmışdır. Uşaqların artmaqda olan xərclərini qarşılamaqda çətinlik çəkir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədi. Bildirdi ki, digər övladı yetkinlik yaşına çatdığından aylıq 136 manat aliment ödəyir, həmçinin aliment borcundan hissə-hissə ödənişlər edir. Aylıq aliment və borcu ilə birlikdə iddiaçıya 180 manat pul ödəyir. Ondan artıq məbləği ödəməyə maddi imkanının olmadığını qeyd etdi. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, 22 sentyabr 2017-ci il tarixdən etibarən xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 136 manat, ümumilikdə 272 manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli, №- MŞB/6-4384 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək lkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 339 № ilə qeyd edilmişdir. - **********5 saylı, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X6 filialının arayışından görünür ki, Cavabdeh adına hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli № 2(060)-350/2018 saylı qətnaməsi ilə 22 sentyabr 2017-ci il tarixdən etibarən xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 136 manat, ümumilikdə 272 manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X4 hazırda anasının-iddiaçının himayəsindədir, cavabdeh övladının saxlanılmasında lazımi qaydada iştirak etmir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2008-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 350/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 170 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, iş materiallarında olan qətnamədən də göründüyü kimi, cavabdeh aylıq 136 manat sabit pul məbləğində aliment ödəyir. Hazırki halda həmin məbləğ 170 manata artırıldığından bir il ərzində ödəmənin məcmusu artırılan aliment miqdarının bir illik ödəmə məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatadək olduğu üçün (hazırki halda 170-136=34; 34x12=408) qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh ilə nikahda olduqları dövrdə doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 170 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar