Məhkəmə qərarları › İş №2(060)-6074/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6074/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6074/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 oğlunun Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə 01 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4178,14 manat əsas borc, 64,95 manat manat faiz borcu və 43,14 manat cərimə borcu olmaqla, ümumilikdə 4286,23 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2019cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3878,14 manat əsas borc, 76,09 manat faiz borcu və 93,98 manat cərimə borcu olmaqla, ümumilikdə 4048,21 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 27.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 4178,14 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 ilə 27.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 11.06.2021-ci il tarixdək Cavabdeh1 27.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4178,14 manat əsas, 64,95 manat faiz borcu və 43,14 manat cərimə borcu olmaqla, ümumilikdə 4286,23 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 oğlu iddia əriəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh 300 manat ödəniş etmişdir. Bu səbəbdən onun borcunun məbləği dəyişmişdir. Hazırda cavabdehlərin banka 3878,14 manat əsas borc, 76,09 manat faiz borcu, 93,98 manat cərimə borcu olmaqla, ümumilikdə 4048,21 manat borcu var. Cavabdehin ödədiyi 100 manat barədə məlumatı yoxdur. İddiaçının nümayəndəsi qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən də onunla “Yelo Bank’' ASC arasında 27.11.2019-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilə Prezidentin məlum fərmanı əsasında bağlanmışdır. Müqaviləyə əsasən “Yelo Bank’' ASC ona illik 1 faizlə 60 ay müddətinə 4178.14 manat kredit vermişdir. Digər cavabdehlər həmin müqavilə üzrə zamindirlər. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Lakin borcunu ödəmək niyyətindədir. Borcundan yayınmır. Məhkəmənin nəzərinə çatdırır ki, məhkəməyə müraciət edildikdən sonra sonra 15.08.2021-ci il tarixdə banka 300 manat, 30.09.2021-ci il tarixdə isə 100 manat ödəniş etmişdir. Bankla razılığa gəlib yeni qrafik tərtib edilməsini istəyir. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, hazırkı müqavilə üzrə əsas borclu Cavabdeh1dir. Bank Cavabdeh1 4178.14 manat kredit vermişdir. O və digər Cavabdeh2 həmin müqavilə üzrə zamindirlər. Maddi imkanları ilə əlaqədar onlar bank qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyiblər. Hazırda bankla razılığa gəlib müntəzəm qaydada borclarını ödəmək niyyətindədir. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh2 iddia tələbini qəbul edərək iş üzrə digər cavabdehlərin izahatına uyğyn izahat verərək qərar qəbul edilərkən maddi vəziyyətlərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 27.11.2019-cu il tarixli 4-M-3-0-657-14 nömrəli kredit müqaviləsi və ona edilmiş 27.11.2019-cu il tarixli 4-M-3-0-657-14 nömrəli 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 4178,14 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 27.11.2019-cu il tarixli 4-M-3-0-657-14 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 4178,14 manat məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan 02.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 27.11.2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 banka 3878,14 manat əsas borc, 76,09 manat faiz borcu, 93,98 manat cərimə borcu olmaqla, ümumilikdə 4048,21 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ödəmə sistemindən çıxarılmış 389422 nömrəli ödəniş qəbzindən görünür ki, 30.09.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən banka 100 manat ödəniş edilmişdir. İşdə olan 03.06.2021-ci il tarixli, KBD-9385 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 27.11.2019-cu il tarixli 4-M-3-0-657-14 saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh2, Cavabdeh3 Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 27.11.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehlərdən iddiaçının xeyrinə əsas və faiz borcunun tutulması hissəsində iddia təmin edilməlidir. Lakin, məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, 30.09.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən banka 100 manat ödəniş edilmişdir. Həmin ödəniş tarixinə görə bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borc 100 manat məbləğində azaldılmalıdır. Beləliklə cavabdehlərdən iddiaçının xeyrinə 3778,14 manat əsas borc və 76,09 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 93,98 manat cərimə borcu tənasübsüz surətdə yüksək deyil, kreditorun əmlak mənafelərinə uyğundur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 10 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 27.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 3778,14 manat (üç min yeddi yüz yetmiş səkkiz manat, on dörd qəpik) manat əsas, 76,09 (yetmiş altı, doqquz qəpik) manat faiz borcu, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 3864,23 (üç min səkkiz yüz altmış dörd manat iyirmi üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar