Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-608/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 22.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4947,58 manat əsas borc, 506,66 manat faiz borcu, 46,57 manat cərimə olmaqla, ümumilikdə 5500,81 manat borcun və 75,01 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 22.12.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 19 ay müddətinə 6000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 22.12.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 29-dək Cavabdeh1 banka 22.12.2020-ci il tarixli 1 kredit müqaviləsi üzrə 4947,58 manat əsas borc, 506,66 manat faiz borcu, 93,14 manat cərimə olmaqla, ümumilikdə cəmi 5547,38 manat borcu vardır. Cavabdeh1 22.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 93,14 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 46,57 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi. Bildirdi ki, ehtiyacı olduğundan bankdan kredit götürmüş, lakin sonradan işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Yenidən işləməyə başladığını, qızının 3 körpə övladının onun himayəsində olduğunu nəzərə alaraq, vaxt verilməsini və banka olan borcunu ödəyəcəyini bildirdi. Cavabdeh3 izahat verərək, 22.12.2020-ci il tarixli kredit müqaviləsinə əsasən onunla eyni tarixli zaminlik müqaviləsi bağlandığını, imkanı olmadığı üçün X2 borcunu ödəyə bilmədiyini bildirdi. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Digər cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki,iş materiallarında olan - İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış 22.12.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 19 ay müddətinə, 25 faizlə, 6000 manat kredit verilmişdir. - Yelo Bank” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 2020-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, 22.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi məsuliyyətini zamin öz üzərinə götürür. - 29.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 4947,58 manat əsas, 506,66 manat faiz, 46,57 manat cərimə olmaqla, cəmi 5500,81 manat borcu vardır. -Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx"İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.12.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 19 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 22.12.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borclulara xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin 29 oktyabr 2021-ci il tarixinə 4947,58 manat əsas, 506,66 manat faiz, 46,57 manat cərimə olmaqla, cəmi 5500,81 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 22.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 22.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 11-MZ2-2-0-2430-20(1) saylı kredit müqaviləsinə 22.12.2020-ci il tarixli 1 saylı əlavədən görünür ki, kreditin müqavilə üzrə ödəniş günü qeyri iş günü olduqda növbəti iş günü ödənilə bilər. Ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə illik 0,2% cərimə hesablanaraq tutulacaqdır. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 46,57 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda (30 manat + 1000 manatdan çox olan iddia qiymətinin 1%-i) cavabdehlərdən ödənilmiş 75,01 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4947,58 manat əsas borc, 506,66 manat faiz borcu, 46,57 manat cərimə olmaqla, ümumilikdə 5500,81 manat borc və 75,01 manat ödənilmiş dövlət rüsumunun əvəzi Yelo Bank” ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4947,58 manat əsas borc, 506,66 manat faiz borcu, 46,57 manat cərimə olmaqla, ümumilikdə 5500,81 manat borc və 75,01 manat ödənilmiş dövlət rüsumunun əvəzi Yelo Bank” ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsindən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-608/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-608/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver