Məhkəmə qərarları › İş №2(060)-6083/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6083/2024

22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6083/2024 22.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızının, Cavabdeh iştirakları ilə İddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızının Cavabdeh qarşı "alimentin artırılması və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızı Cavabdeh qarşı "alimentin artırılması və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladları var: xx.xx.2020-ci il təvəllüdlü X4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8094/2021 saylı, 04 noyabr 2021-cı il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X1 iddiaçının yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay 175 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi hər ay 25 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3707/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 193 manat müəyyən olunmuşdur. Hazırda iddiaçı 193 manat aliment alır. Həmin məbləğlə övladını saxlamaqda çətinlik çəkir. Belə ki, övladı autizim spektor xəstəsidir. Onun yemək xərcini və xəstəliyi ilə əlaqədar dərmanı qarşılamaqda çətinlik çəkir. Hər ay 400-500 manat xəstəliyi ilə əlaqədar olaraq pul ödəyir. Alimentin məbləği artırılaraq 235 manat müəyyən olunmalıdır. Həmçinin uşağın xəstəliyi ilə əlaqədar olaraq hər ay 200 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3707/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində alimentin, həmçinin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 200 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, 235 manat məbləğində alimentin ödənilməsinə razıdır, lakin əlavə xərc olaraq tələb olunan 200 manat hissəsi ilə razı deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 483583 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 iyul 2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8094/2021 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, iddiaçı X2 ilə Cavabdeh arasında 14 iyul 2019-cu il tarixdə bağlanmış 1941 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat və X1 3 yaşına çatanadək hər ay 25 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 29 iyun 2024-cü il tarixində verilmiş AZ-İ № 482625 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, bu barədə 18 may 2022-ci il tarixində 196 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Musayeva soyadı verilmişdir.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3707/2022 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8094/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 14 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun alınıb dövlətin nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasından keçirilməsi ilə bağlı ödənilmiş 50 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01740 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, X4 uşaq autizmi, konner sindromu F84.0, nitq artikulyasiyasının spesifik pozuntusu F80.0 xəstəliklərdən əziyyət çəkir.

12. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vəzifəsində çalışır və aylıq maaşı isə 650 manatdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikah münasibətlərindən bir uşaqları anadan olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3707/2022 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8094/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 14 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 manat məbləğində alimentin və 200 manat məbləğində övladının xəstəliyi ilə əlaqədar əlavə xərcin tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

17. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

18. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

20. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiasını, cavabdehin razılığını, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia tələbi “235 manat alimentin tutulması” hissəsində təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.

22. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

23. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

24. Məhkəmə iddia tələbinin “uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 200 manat maddi yardımın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

25. Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

26. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

27. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

28. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda xx.xx.2020ci il təvəllüdlü X1 xəstəliyinin forma və xarakterini, bu kimi xəstəlikdə daimi müalicə və müayinəyə ehtiyacını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclər hissəsində qismən təmin edilməli, Cavabdeh tərəflərin birgə nikahından anadan olmuş X3 (uşaq autizmi, konner sindromu F84.0, nitq artikulyasiyasının spesifik pozuntusu F80.0 xəstəliklərdən əziyyət çəkir) çəkilən əlavə xərclərə cəlb edilməli və əlavə xərclərə görə hər ay 50 manat Cavabdeh tutularaq iddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızına ödənilməlidir.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

30. Mülki işin materiallarından görünür ki, iddiaçı əlavə xərclərə görə alimentin tutulması tələbi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, əlavə xərclərə görə aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

32. Məhkəmə habelə hesab edir ki, qətnamə əlavə xərclərə görə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.

33. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

34. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşağın üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşağın böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(060)-3707/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Qarayeva (Musayeva) Ulduz Hamlet qızına verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Cavabdeh 30 avqust 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 50 (əlli) manat tutularaq iddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə əlavə xərclərə görə tutulan aliment ilə bağlı dərhal icra olunmalı, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq iddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(060)-3707/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Qarayeva (Musayeva) Ulduz Hamlet qızına verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 avqust 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 50 (əlli) manat tutularaq iddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızına verilsin. Qətnamə əlavə xərclərə görə tutulan aliment ilə bağlı dərhal icra olunsun. Ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq iddiaçı Qarayeva (Musayeva) Ulduz Hamlet qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar