Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6084/2023 05.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26,75% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 07 sentyabr 2023, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 4500 manat əsas, 877,27 manat faiz, 17,07 manat cərimə olmaqla, cəmi 5394,34 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4500 manat əsas, 877,27 manat faiz, 17,07 manat cərimə olmaqla, cəmi 5394,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,35 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, bankdan kredit götürmüşdür, lakin səhhəti ilə əlaqədar olaraq bir müddət ödənişləri həyata keçirə bilməmişdir. Lakin daha sonra müəyyən məbləğ ödənişlər etsə də, borc məbləğinin üzərinə yenidən faizlər gəlirdi və etdiyi ödənişlər yalnız faiz borcuna çıxılırdı. Hazırda rəsmi iş yeri yoxdur. Əlildir və bununla bağlı sosial müavinət alır. Həmçinin bildirir ki, borcla bağlı xeyli məbləğdə ödənişlər etmişdir. Sonuncu dəfə hər iki müqavilə üzrə 20 gün əvvəl təxminən 600-700 manat məbləğində ödəniş etmişdir. Debit kartına pul atdığı zaman həmin kart üzrə borcu olmasa da kartdan pul çıxılır. Mülkiyyətində daşınmaz əmlak və ya avtomobil yoxdur. Bankdan götürdüyü məbləğ 3500 manat idi və pulu əlbəəl götürmüşdür. Birinci dəfə bankdan kredit götürdü və təxminən 3-4 ay ödəniş etdi. Daha sonra bankın əməkdaşları məbləği artırmağı təklif etdilər və məbləğ artırıldı.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta (bank xidmətlərinə dair) ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu, bütün öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirəcəyini bildirmişdir.
10. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh (sms göndərilməklə) xx.xx.2025-ci il tarixədək, illik 26,75%-lə 4500 manat məbləğində kredit verilmişdir.
11. İşin materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 13755nkSUMb/22 saylı kredit müqaviləsi üzrə 4500 manat əsas, 877,27 manat faiz, 17,07 manat cərimə borcu olmaqla, cəmi 5394,34 manat məbləğində borcu vardır.
12. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26,75% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
16. Həmin Məcəllənin 408.7-ci maddəsinə əsasən əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır.
17. Eyni Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
18. Həmin Məcəllənin 409.7-ci maddəsinə əsasən əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır.
19. Göründüyü kimi cavabdeh iddiaçının ümumi ofertasını ərizə əsasında qəbul etmiş və cavabdehə bunun əsasında kredit verilmişdir. Bu səbəbdən tərəflər arasındakı münasibətlərə kredit (borc) münasibətləri kimi yanaşılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
23. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat əsas, 877,27 (səkkiz yüz yetmiş yeddi manat, iyirmi yeddi qəpik) manat faiz, 17,07 (on yeddi manat, yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5394,34 (beş min üç yüz doxsan dörd manat, otuz dörd qəpik) manat məbləğində pul, 74,35 (yetmiş dörd manat, otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" KB ASC-yə verilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat əsas, 877,27 (səkkiz yüz yetmiş yeddi manat, iyirmi yeddi qəpik) manat faiz, 17,07 (on yeddi manat, yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5394,34 (beş min üç yüz doxsan dörd manat, otuz dörd qəpik) manat məbləğində pul, 74,35 (yetmiş dörd manat, otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" KB ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva