Məhkəmə qərarları › İş №2(060)-6103/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6103/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6103/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.972 (iyirmi səkkiz min doqquz yüz yetmiş iki) manat məbləğində pulun, eləcə də 177 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh təxminən 2021-ci ildən tanıyır. Belə ki, cavabdeh qonşusu olmuşdur. Özü paltar mağazası işlədir. Cavabdeh mağazaya gəlib-getdikcə tədricən münasibətləri yaranmışdır. Qeyd edir ki, cavabdehin qardaşı yol-nəqliyyat hadisəsi törətmiş, bu səbəblə cavabdehə pul lazım olmuş və bir neçə şəxsdən aylıq faiz verməklə borc götürmüşdür. Daha sonra cavabdeh pulları ödəməkdə çətinlik çəkmiş və bu səbəbdən də ondan borc pul istəmiş, o isə aralarındakı münasibətə görə cavabdeh ilə razılaşmışdır. Qeyd edir ki, həmin ərəfədə “YELOBANK”-da kredit borcu var idi, bankla əlaqə saxladıqda “black Friday” kampaniyası olduğu, ona məxsus kredit tarixçəsi yaxşı olduğundan 30.000 (otuz min) manat məbləğində kredit verə biləcəklərini (həmin məbləğin 10.000 manatını köhnə borcu bağlamaq şərti ilə) bildirmişdirlər. Nəticədə kredit rəsmiləşdirilmiş və 10.000 manat köhnə borcuna çıxılmaqla 20.000 (iyirmi min) manat məbləğində pul bank tərəfindən ona verilmişdir. Daha sonra iş üzrə Cavabdeh ilə aralarında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində 08 dekabr 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 20.000 (iyirmi min) manat məbləğində pulu cavabdehə vermiş, müqavilənin ikinci bəndinə əsasən cavabdeh pulu xx.xx.2024-cü il tarixinədək hər ayın 5-nə kimi ayda 1000 (bir min) manat olmaqla ümumi olaraq 20.000 (iyirmi min) manat məbləği “borc verən”-ə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edir ki, bankdan 30.000 (otuz min) manat məbləğində kredit götürmüş, həmin məbləğ üzrə faiz məbləği isə 7080 manat (yeddi min səksən) manat təşkil etmişdir. Götürdüyü kreditin 2/3 hissəsini cavabdehə verdiyini nəzərə alsaq, həmin faiz məbləğinin 2/3 hissəsi məbləği yəni, 4672 (dörd min altı yüz yetmiş iki) məbləğində pul da cavabdehdən tutulmalıdır. Qeyd edir ki, həmin faiz məbləği kredit müqaviləsində öz əksini tapmamış, aralarındakı danışığa əsasən kredit müqaviləsində nəzərdə tutulmuş məbləği ödədikdən sonra həmin pulu əlbəəl ödəyəcəkdi. Cavabdeh keçən müddət ərzində pulun cəmi 1 ayını yəni, 1.000 (bir min) manatını ödəmiş, o vaxtdan bəri heç bir ödəniş etməmişdir. Bundan başqa kredit müqaviləsinin bağlandığı günün axşamı cavabdeh bir nəfərdən də 3.000 (üç min) manat məbləğində faizə pul götürdüyünü və gündəlik 20 (iyirmi) manat verdiyini bildirmiş və iddiaçıdan həmin günün axşamı 3.000 (üç min) manat məbləğində pulu cavabdeh öz oğlunu göndərərək borca almışdır. Bununla bağlı cavabdehin səs yazıları da vardır. Əlavə olaraq işlətdiyi mağazadan 1.000 manat məbləğində borc olaraq paltar, elektron avadanlıq almışdır. Əlavə olaraq cavabdeh 300 (üç yüz) manat məbləğində də borc pul almışdır. Ümumi olaraq cavabdehin ona ödəməli olduğu məbləğ 28.972 (iyirmi səkkiz min doqquz yüz yetmiş iki) manat təşkil edir. Cavabdehdən dəfələrlə pulu ödəməsini tələb etsə də, hər dəfə müxtəlif bəhanələr etmişdir. Belə ki, cavabdeh atasının şəxsiyyət vəsiqəsi və pensiya kartının şəklini ataraq guya atasının adına kredit götürəcəyini və pulu ödəyəcəyini, daha sonra bacısının yoldaşının şəxsiyyət vəsiqəsinin və evin çıxarışının şəklini ataraq, bildirib ki, sonuncu Sumqayıt Şəhərində Təcili Yardımda işləyir və evi banka qoyub kredit götürərək borcu bağlayacağını bildirmiş, lakin bu günə kimi heç bir addım atmamış, son vaxtlar isə telefon zənglərinə və mesajlarıına cavab verməmişdir. Qeyd etdiyi bütün halları təsdiq edən vatsap yazışmaları, eləcə də səs yazıları da vardır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Cavabdeh 28.972 (iyirmi səkkiz min doqquz yüz yetmiş iki) manat məbləğində pul tutularaq ona ödənilməlidir. Ona görə də, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehə 2022-ci il tarixdə 20000 manat borc verib. Cavabdeh isə hər ay borcdan 1100 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilədə 1000 manat göstəildiyi halda, cavabdehin əlavə 100 manat ödəməli olması kreditin faizi ilə əlaqədar olmuşdur. Notarius həmin məbləği müqavilədə göstərməmişdir. Lakin cavabdeh sadəcə 1 ay ödəniş etmişdir. Bundan başqa cavabdeh onun mağazasından paltar və ətçəkən maşın da götürüb. Bununla yanaşı o, cavabdehin ona olan borcunu rahatlıqla ödəyə bilməsi üçün cavabdehin 3000 manat faiz borcunu da ödəmişdir. Bunu cavabdehin səs yazıları da təsdiq edir. Belə ki, məhkəməyə təqdim etdiyi səslərdə cavabdeh ona borc verdiyini qəbul edir. Eyni zamanda cavabdehin atdığı karta əlavə olaraq 300 manat ödəniş etmişdir. Bu borcu da vatsap danışıqları və görüntüləri təsdiq edir. O, cavabdehə etibar etdiyi üçün ona bu qədər məbləğdə pul vermişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, notarial qaydada olan müqavilə 20 ay müddətinə bağlanmışdı. Cavabdehə verdiyi borcla əlaqədar olan notariat xərclərini də özü qarşılamışdı. Aralarında olan razılaşmaya görə müqavilənin vaxtı bitdikdən sonra cavabdeh əlavə olaraq 4 ay da ona 1100 manat ödəniş etməliydi. Cavabdeh cəmi bir dəfə 2023-cü ilin yanvar ayında ödəniş edib, növbəti bütün ayları gecikməmə düşməməsi üçün o, özü ödəyib. Bir halı da qeyd edir ki, cavabdeh aylıq 500 manat ödəniş etməyi təklif etmiş və o da bu təkliflə razılaşmışdır. Belə ki, qohumunun maaş kartını ona vermiş və hər ay həmin karta 500 manat pul oturacağını bildirmişdir. Bu səbəblə də qarşı tərəfi polisə verməmişdir. Lakin cavabdeh yenə də onu aldatmış və borcunu ödəməmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəf onunla əlaqə saxlamış, borcu ödəyəcəklərini bildirmişdir. Lakin o onlara işin artıq məhkəmədə olduğunu bildirmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) qaydada xəbərdar edilsə də, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 6-MCR-1-608/22/1 saylı Kredit Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin müqavilə üzrə əsas borc 30000 manat, faiz borcu isə 7080.77 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 20000 manat borc pul vermiş və sonuncu həmin krediti xx.xx.2024-cü il tarixinədək hər ayın 5-ə kimi ayda 1000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" ASC ilə arasında bağlanmış 6-MCR-1-608/22/1 saylı Kredit Müqaviləsinə əsasən aldığı 30000 manat kreditin 20000 manat hissəsini cavabdehə verdiyini, onlar arasında bununla bağlı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi imzalandığını, bundan başqa cavabdehə müxtəlif vaxtlarda 3000 manat və 300 manat məbləğində olmaqla borc verdiyini, cavabdehin iddiaçıya məxsus mağazadan paltar və elektron avadanlıq aldığına görə əlavə 1000 manat məbləğində borcunun yarandığını bildirərək, ümumilikdə cavabdehdən 28972 manat məbləğində pulun tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (739.2). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İddiaçı tərəf xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Eyni zamanda iddiaçı həmin borc məbləğini cavabdehə bankdan kredit götürməklə vermişdir. Sözügedən kredit borcuna görə isə iddiaçı banka 7080.77 manat faiz borcu ödəməlidir. Hazırda iddiaçı həmin faiz borcunun 2/3 hissəsinin (cavabdehə borc verdiyi hissənin nisbətində), yəni 4672 manatın (iddiaçının hesablamasına görə) da cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilən sübutlar (tərəflər arasında olan yazışmalar və səs yazıları) əsasında tərəflərin sözügedən qaydada razılığa gəldiyi təsdiqini tapmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı cavabdehə əlavə olaraq 3300 (3000 + 300) manat məbləğində borc verməsi barədə istinad etdiyi halları da sübuta yetirə bilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən yazışmalar və səs yazıları ilə Cavabdeh İddiaçı əlavə olaraq qeyd edilən məbləğlərdə borc aldığı öz təsdiqini tapmışdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi mağazadan alınmış paltar və elektron avadanlığa görə cavabdehin iddiaçıya 1.000 manat məbləğində borclu olması hissəsində öz təsdiqini tapmamış, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona olan borcundan 1000 manat ödəniş etdiyini etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh 26972 (19000 (20000-1000) + 3000 + 300 + 4672) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 177 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 26972 (iyirmi altı min doqquz yüz yetmiş iki) manat məbləğində pul və ödənilmiş 177 (bir yüz yetmiş yeddi) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar