Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6109/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 05 sentyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2917/2011 saylı, 06.07.2011-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 76 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 10.10.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 05 sentyabr 2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(060)-1356/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, X1 nikah pozulduqdan sonra iddiaçının yanında saxlanması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2011-ci il tarixli 2(060)-2917/2011 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 76 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Uşaq halhazıda məktəbə gedir. Onun təlabatı günü-gündən artır. Cavabdeh tərəfindən ödənilən 76 manat aliment uşağın yaşayış təminatını ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı işləmir və əlavə gəlir yeri yoxudur. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2011-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin 100 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının iddia tələbini qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1984-cü ildə, Ermənistanın Qafan rayonunda, cavabdeh isə xx.xx.1983-cü ildə, Ermənistanın Sisiyan rayonunda anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında, cavabdeh isə ünvan 2adırlar. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 05.09.2009-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2917/2011 saylı, 06.07.2011-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-911/2010 saylı, 11 fevral 2010-cu il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin miqadarının dəyişdirilərək 06.06.2011ci il tarixdən başlayaraq cavabehdən 05.09.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 76 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehdən hər ay 100 manat məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.07.2011-ci il tarixli, 2(060)-2917/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 100 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05.09.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2917/2011 saylı, 06.07.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 100 (yüz) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6109/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6109/2021
19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver