Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6116/2023 15.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmişdir. İstintaq araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının inamı və etibarından istifadə edərək oğlu Əsgərov Nurəddini FHN-də işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində ondan 2020-ci ilin avqust ayında hissə-hissə olmaqla, 17 avqust 2020-ci il tarixdə 5000 manat və 23 avqust 2020-ci il tarixdə 3500 manat alıb dələduzluq etmişdir. Həmin pulun 4000 manatını ödəmiş, 4500 manat qalıq məbləği isə ödəməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə bu sübuta yetmiş və Cavabdeh 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən Cavabdeh 4500 manat məbləğində maddi ziyanın və 65 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-164/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi və onun 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılması, cəza çəkmə müddətinin əvvəlinin Cavabdeh cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması hökm edilmişdir.
8. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh izahatında bildirmişdir ki, o, Sonanın oğlubu FHN-ə işə düzəltmək adı ilə 8500 manat məbləğində pul istəmişdir. Sonadan əvvəlcə 5000 manat, 10 gün sonra 3500 manat pul almışdır. Aldığı pulları öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmiş və həmin puldan heç kəsə rüşvət verməmişdir. O, zərərçəkmiş şəxs İddiaçı 4000 manat maddi zərəri ödədiyini, qalıq 4500 manat maddi zərəri ödəməyə maddi imkanı olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
11. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
12. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
13. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
14. Bundan başqa, həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
16. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz.
17. Göründüyü kimi cavabdehin iddiaçıya qarşı dələduzluq etməklə, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır.
18. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır.
19. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi ziyana görə 4500 (dörd min beş yüz) manat məbləğində pul, habelə 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
24. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyana görə 4500 (dörd min beş yüz) manat məbləğində pul, habelə 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva