Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-612/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ondan almış olduğu 5000 (beş min) manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehi 1 ildən artıq vaxtdır ki, tanıyır. Tanışlığının əsas səbəblərindən birisi ortaq dostluqlarının olmasıdır. Belə ki, təxminən 2020-ci ilin fevral ayının 11-i tarixində Cavabdeh ona zəng edərək anasının vəziyyətinin ağır olmasını və bununla əlaqədar olaraq təcili özünə məxsus **-PU- *** dövlət nömrə nişanlı Priora markalı avtomobilini 5000 (beş min) manat pul qarşılığında ona təklif etmiş və bildirmişdir ki, 10 ay müddətində hər ayda 490 manat olmaqla kreditinin qalmasını demişdir. Bundan sonra o, cavabdehlə razılaşmışdır. 11 fevral 2020-ci il tarixində avtombili ona 5000 manata satması ilə əlaqədar qəbz vermişdir. Sonra isə bildirdi ki, iki gün müddətində avtomobilin 1-2 xırda problemini həll edib etibarnamə ilə birgə 14 fevral 2020-ci il tarixində təhvil verəcəkdir. Lakin cavabdeh vermiş olduğu bu vədinə əməl etməmişdir. Pulunu da 2-3 ay müddətində qaytarmağa söz versə də bu vədində yalançı çıxmışdır. Bundan sonra isə dəfələrlə zənglər etməyinə baxmayaraq bu şəxslər telefonuna cavab verməmiş versələrdə ona dedikləri o olmuşdur ki, “onu şərliyəcəklər və ya harda tutsalar öldürəcəklər. Bütün bunları sübut edəcək onun yetərli qədər mesajları vardır. Göstərilənləri nəzərə alaraq, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh ondan almış olduğu 5000 (beş min) manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 11.02.2020-ci il tarixli əlyazmadan görünür ki, o, Cavabdeh özünə məxsus **-PU-*** dövlət nömrə nişanlı priora markalı avtomobilini 11 fevral 2020-ci il tarixində İddiaçı 5000 (beş min) manat Sumqayıt şəhərində satmış, hər hansı bir problem çıxarsa məsuliyyəti öz üzərinə götürdüyünü imzası ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 31.12.2020-ci il tarixli məktubundan görünür ki, “Lada Priora” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan şahid X3 tərəfindən məhkəməyə daxil olmuş 08.10.2020-ci il tarixli teleqramdan görünür ki, o, iş üzrə şahiddir və İddiaçı cavabdehə pul verdiyini görmüş, lakin pulun miqdarından məlumatının olmadığını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 15.07.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 11/24, mənzil 2-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 47, ev 8, mənzil 26-da qeydiyyatdadır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, cavabdeh xx xxxxx 1989-cu il təvəllüdlü Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxx 1989-cu il təvəllüdlü Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-612/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-612/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver