Məhkəmə qərarları › İş №2(060)-6139/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6139/2022

13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6139/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və qeyrilərindən ödənilməmiş 6300 manat kirayə haqqı, elektrik enerjisinə görə ödənilməmiş 193.27 manat, sudan istifadəyə görə yaranmış 55.86 manat və iddia ərizəsi üçün ödənilmiş 85.50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olduqlarına görə hazırki iddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə baxılmasını və mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməlidir. AR MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının vəsatətini nəzərə alaraq, cavabdehlərin məhkəmə iclaslarında iştirak etməmələrini onların işə Sumqayıt Şəhər Məhkəməsində baxılmasının məsafə uzaqlığına görə əlverişsizliyini bildirmələri kimi qiymətləndirərək belə qənaətə gəlir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və AR MPM-nin 36, 44 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar