Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6151/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 87,14 manat əsas borc, 19,38 manat faiz borcu olmaqla, cəmi 106,52 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (260-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (260-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (260-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (260-5.3.). İddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1988-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Corat qəsəbəsi, 112 ünvanında qeydiyyatdadır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2379nkSUM/19 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 27% ödəmək şərtilə 700 manat məbləğində kredit limiti ayrılmışdır. Maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə banka 87,14 manat əsas borc, 19,38 manat faiz borcu olmaqla, cəmi 106,52 manat borcu vardır. Mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.7.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verə və krediti hesablanmış faizlə birlikdə qaytarılmasını tələb edə bilər. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixinə banka 87,14 manat əsas borc və 19,38 manat faiz borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 87,14 manat, faiz borcu üzrə 19,38 manat olmaqla, cəmi 106 (yüz altı) manat 52 (əlli iki) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6151/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6151/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver