Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6155/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-504/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü oğlu X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 103 (yüz üç) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay ödənilmək şərtilə 235 (iki yüz otuz beş) manata artırılması, Cavabdeh onun xeyrinə Sumqayıt 1 X4 X3 keçirilməsi üçün ödəmiş olduğu mediasiya xərci olaraq 50 (əlli) manatın, kargüzarlıq xərci olaraq 10 (on) manatın, cəmi 60 (altmış) manatın tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurub. Birgə nikah münasibətlərindən bir uşaqları xx.xx.2011-ci il təvəllüdlü X11 anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/20134 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaq - xx.xx.2011-ci il təvəllüdlü X11 ananın, onun yanında saxlanılmış və cavabdehdən onun xeyrinə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 93 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/20134 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən Sumqayıt şəhər qeydiyyat şöbəsindən 31 yanvar 2020-ci il tarixli, AZ-1 Ns 336090 saylı nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin iş 2(060)- 504/2015, 08 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2014-cü il tarixdən başlayaraq ayda 103 (yüz üç) manat sabit pul məbləğində aiimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş 2(060)-504/2015, 08 yanvar 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və verilmiş icra sənədinə əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraaya yönəldilmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi odur ki, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxianılması üçün Sumqayıt Şəhər Məhkəməsinin iş 2(060)-504/2015, 08 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 103 manat aliment uşağın ehtiyaclarını ödəmir. Cavabdeh isə kifayət qədər dəyişən məbləğdə qazanc, gəlir əldə etməsinə baxmayaraq könüllü olaraq uşağın əlavə zəruri xərclərində iştirak etmir. Haibuki, uşaq təhsii aiır, qabiliyyətinin artırılması üçün əlavə hazırlıqlara gedir, ən əsas tələbatları artmışdır. Müəyyən edilmiş 103 (yüz üç) manat aliment məbləği uşağın ehtiyaclarını ödəmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcburdur. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1813/2020, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü oğlu X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay ödənilmək şərtilə 235 (iki yüz otuz beş) manata artırılması və həmin məbləğin Cavabdeh tutularaq ona verilməsi, Cavabdeh onun xeyrinə Sumqayıt 1 X4 X3 keçirilməsi üçün ödəmiş olduğu mediasiya dövlət rüsumu olaraq 50 (əlli) manatın, kargüzarlıq xərci olaraq 10 (on) manatın, sənədlərin (Boşanma və Doğum haqqında şəhadətnamələrin) notariat qaydada təsdiq edilməsi və məhkəməyə təqdim edilməsi üçün 6 (altı) manatın, cəmi 66 (altmış altı) manatın tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, onun hazırda maddi vəziyyəti yaxşı deyil, aylıq gəliri çox aşağıdır. Səhhətində problemlər var, maddi vəziyyəti ilə əlaqədar müalicə ala bilmir. O, iddiaçının tələbi ilə aliment borcuna görə 10 gün inzibati qaydada həbs edilib. O, qarşı tərəfə 1000 manat və 2 dəfə 500 manat olmaqla aliment borcundan ödənişlər edib. Əvvəlki dövrlər üçün yığılmış aliment borcunun bitməsi üçün hər ay 470 manat, yəni 170 manat aylıq aliment və 300 manat isə aliment borcundan ödəyir. Aliment artırılacağı halda həmin məbləği ödəyə bilməyəcək. Borcunu qurtardıqdan sonra daha çox aliment ödəyə bilər. Ailəlidir, himayəsində daha iki övladı var. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Prezidentin sonuncu müvafiq sərəncamına əsasən uşaqlar üçün yaşayış minumumu 235 manat müəyyən edilmişdir. Buna görə də o, hazırda alimentin 235 manat təyin edilməsini istəyir. Cavabdeh uşağın təlim-tərbiyyəsi ilə də məşğul olmur. Tək qadındır və uşağına tək baxmaq onun üçün çox çətindir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan AZ-İ 336090 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması barədə akt qeydlərində 28 noyabr 2013-cü il tarixdə 533 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 878197 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1813/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)-98/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6219/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(060)-4811/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamələri ilə artırılmış Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından görünür ki, Cavabdeh hazırda X2 ilə ailəlidir və həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı daha iki övladı var. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1813/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri bir neçə dəfə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və cavabdehin yenidən nikaha daxil olmaqla himayəsində daha iki azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1813/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 190 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və X3 keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (60 manat) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia tələbi notariat xərcinin ödənilməsi hissəsində təmin edilməməldiir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1813/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6155/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6155/2024
02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver