Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6157/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2586,06 manat əsas, 51,1 manat faiz borcu, 45,96 manat cərimə və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2713,12 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncular Cavabdeh1 kredit öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq öhdəliklər lazimi qaydada icra olunmamışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30.09.2019-cu il tarixli sazişdən görünür ki, borcluya 12 ay müddətinə, illik 23% dərəcəsi ilə 10.000 manat kredit verilmişdir. - 30.09.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - 03.10.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 ay müddətində 05.11.2019-cu il tarixdən 07.09.2020-ci il tarixədək hər ay 944 manat, sonuncu ay isə hər ay 940,39 manat ödəniş etməli idi. - 03.10.2019-cu il tarixli qəbzdən görünür ki, 9.900 manat məbləğində pul vəsaiti X1 verilmişdir. - 07.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2586,06 manat əsas, 51,1 manat faiz borcu və 45,96 manat cərimə borcu vardır. - Pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdurlar. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin 2586,06 manat əsas və 51,1 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 30.09.2019-cu il tarixli müqavilənin 2.0.3-cü bəndinin “b” qrafasından görünür ki, ödəmə vaxtı çatmış lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 23% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Müqavilədən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olnan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur. Göründüyü kimi Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqavilələrinə əsasən onlar, iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 və Cavabdeh3 da müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2586,06 manat əsas, 51,1 manat faiz borcu, 45,96 manat cərimə olmaqla, cəmi 2683,12 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-6157/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6157/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver