Məhkəmə qərarları › İş №2(060)-6175/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6175/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6175/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobilinin təmir xərcləri üçün lazım olan 1550 (min beş hyüz əlli) manat, həmçinin həmin tarixdən bu günədək sözügedən minik avtomobili işlək vəziyyətdə olsa idi onun icarəsindən əldə olunacaq 4000 (dörd min) manat məbləğində, cəmi 5550 (beş min beş yüz əlli) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.12.2020-ci il tarixdə cvabdeh Cavabdeh iddiaçı "xxxx" MMC-nin direktoru X1 arasında ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobilinin cavabdehə 25 yanvar 2021-ci il tarixədək icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilə əsasında cavabdehə “Güvən Rent A Car” MMC tərəfindən 001035 №-li Yol Vərəqəsi verilmişdir. 24.01.2021-ci il tarixdə cavabdeh iddiaçıya məxsus ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobili ilə avtoqəza törətmiş, ** GR *** nömrəli dövlət qeydiyyat nişanlı 2004-cü il ağ VAZ 2107 markalı, həmçinin ** MF *** qeydiyyat nişanlı 1992-ci il tarixli gümüşü sədəf Mercedes E200 markalı minik avtomobilinin təmir xərclərinə 1550 manat məbləğində pul tələb olunur. Bundan başqa iddiaçı kommersiya fəaliyyəti ilə məşğuldur. Əgər sözügedən hadisə olmasa idi, ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobili fiziki şəxslərə 25 yanvar 2021-ci il tarixdən icarəyə verilsə idi, iddiaçı minik avtomobilinin icarəsindən ən azı 4000 manat mənfəət əldə edəcəkdi. Çünki ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobilinin gündəlik icarə haqqı 60 manat təşkil edir. Lakin həmin vaxtdan keçməsinə baxmayaraq, bu günədək cavabdeh pulu qaytarmaqdan yayınır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - 27.01.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobili X1 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilənin 4.4.3-cü bəndinə əsasən İcarəyə götürən üçüncü şəxsə avtomobli icarəyə verdiyi təqdirdə, nəqliyyat vasitəsi qəzaya düşərsə, yol nəqliyyat hadisəsi baş verərsə, dəymiş ziyana görə məhkəmədə iddia qaldırmaq hüququ vardır. - GRC-0465-2021 saylı 10 dekabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobili "xxxx" MMC Cavabdeh müvəqqəti istifadəsinə, icarəyə verilmişdir. Müqavilənin 4.5.1-ci bəndinə əsasən İcarəyə götürən avtomobli saz və işlək vəziyyətdə İcarəyə verənə qaytarmalıdır. -"xxxx" MMC ilə Cavabdeh arasında 10.12.2020-ci il tarixdə imzalanmış təhviltəslim aktından görünür ki, ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobili saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. -İnzibati tənbeh vermə haqqında TP ******* saylı 25.01.2021-ci il tarixli Qərardan görünür ki, Cavabdeh24.01.2021-ci il tarixdə ** KR *** Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Renault servis mərkəzinin 15.06.2021-ci il tarixli təmir kartından görünür ki, ** KR *** Dövlət qeydiyyat nişanlı avtomobil servis tərəfindən təmir edilmişdir, təmir xərcləri 1560 manat təşkil etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən- Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən - Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əssasən - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, ** KR *** nömrəli dövlət qeydiyyat nişanlı, tünd göy parıltısız Mercedes Benz 230 markalı minik avtomobilin təmir xərcləri üçün lazım olan 1550 manatın cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddia minik avtomobilin işlək vəziyyətdə olması halında ondan əldən oluna biləcək 4000 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, həmin gəlirin əldə olunacağı ehtimal edilir və təqdim edimiş sübutlarla öz təstiqini tapmır. Ona görə də, bu hissədə tələb rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh dəymiş ziyan olaraq 1550 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə verilməlidir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1550 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar