Məhkəmə qərarları › İş №2(060)-6209/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6209/2022

09.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6209/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «qəyyumluğa və himayəyə verilməsi tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq, müəyyən etdim: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «qəyyumluğa və himayəyə verilməsi tələbinə dair» ərizə ilə məhkəməyə müraciət edərək qardaşları xx.xx.2008-ci il təvəllüdlü X2 onun qəyyumluğuna, xx.xx.2005-ci il təvəllüdlü X1 isə onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının oxşar məzmunlu ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4166/2022 saylı 01 iyun 2022-ci il tarixli və 2(060)-5857/2022 saylı 29 avqust 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, iddiaçı məhkəmə qərardadında göstərilmiş nöqsanları aradan qaldırmayaraq təkrarən məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizə icraata qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 114.2. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir. Ailə Məcəlləsinin 136.1-ci maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Ərizə və əlavə edilmiş sənədlərin mümkünlüyü yoxlanılarkən müvafiq icra hakimiyyəti orqanının iddiaçıya mübahisələndirilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyə etdiyi, qəyyumluq və himayəçilik təyin edilməsindən imtina edilməsi və bununla bağlı müvafiq qərar qəbul edilməsi müəyyən olunmadı. Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilməsindən imtina edilməsi müvafiq qərarda öz əksini tapmalı, əgər tərəf bu imtina ilə razılaşmadığı halda ümumi məhkəmə icraatı qaydasında həmin qərarı mübahisələndirə bilər. Qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnaməyə əsasən Komissiyalar onların səlahiyyətinə aid edilən məsələlərə dair qərar qəbul edirlər. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «qəyyumluğa və himayəyə verilməsi tələbinə dair» iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar