Məhkəmə qərarları › İş №2(060)-6217/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6217/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6217/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 13.08.2019-cu il və 03.11.2019-cu il tarixli müqavilələrinə əsasən “X6” markalı noutbuk, “Hoffmann LED” markalı televizor və İMEİ kodu **********50790 olan “Xiaomi Mİ Play” markalı mobil telefon almış və nəticədə 4702 (dörd min yeddi yüz iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 13.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4235 manat təşkil edən “X6” markalı noutbuk üçün ümumilikdə 3097 manat olmaqla, ondan 2444 manat ödənilməmiş hissə, 653 manat isə dəbbə; 03.11.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 1512 manat təşkil edən “Hoffmann LED” markalı televizor və İMEİ kodu **********50790 olan “Xiaomi Mİ Play” markalı mobil telefon üçün ümumilikdə 1605 manat olmaqla, ondan 1227 manat ödənilməmiş hissə, 378 manat isə dəbbə yaranmış, cavabdehin cəmi ödədiyi məbləğ 2076 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən 13.08.2019-cu il tarixli müqaviləyə əsasən “X6” markalı noutbuk üçün 2444 manat ödənilməmiş hissə, 653 manat isə dəbbə; 03.11.2019-cu il tarixli müqaviləyə əsasən isə “Hoffmann LED” markalı televizor və İMEİ kodu **********50790 olan “Xiaomi Mİ Play” markalı mobil telefon üçün 1227 manat ödənilməmiş hissə, 378 manat isə dəbbə, ümumilikdə 4702 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini, Cavabdeh xəbərdarlıq edildiyini, lakin tərəfindən ödəniş olunmadığını və onunla əlaqə saxlaya bilmədiklərini bildirərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin həmin ünvan tam olmadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.08.2019-cu il tarixli müqaviləyə əsasən 971 manat ilkin ödəniş etməklə, qalan məbləği 24 ay müddətində, hər ay 136 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 4235 manat təşkil edən “X6” markalı noutbuka görə 1791 manat məbləğində ödəniş etmiş, 2444 manat əsas, 653 manat dəbbə pulu, cəmi 3097 manat borcu; 03.11.2019-cu il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətində, hər ay 84 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1512 manat təşkil edən “Hoffmann LED” markalı televizor və İMEİ kodu **********50790 olan “Xiaomi Mİ Play” markalı mobil telefona görə 285 manat məbləğində ödəniş etmiş, 1227 manat əsas, 378 manat dəbbə pulu, cəmi 1605 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.08.2019-cu il tarixli müqavilədən görünür ki, 00843517 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən “X6” markalı noutbuk almışdır. İş materiallarında olan 13.08.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 00843517 saylı müqavilədə nəzərdə tutulmuş “X6” markalı noutbuku tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 13.08.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 00843517 saylı müqavilə üzrə 24 ay müddətində hər ay 136 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03.11.2019-cu il tarixli müqavilədən görünür ki, 01025532 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən “Hoffmann LED 43R7” markalı televizor və İMEİ kodu **********50790 olan “Xiaomi Mİ Play” markalı mobil telefon almışdır. İş materiallarında olan 03.11.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 01025532 saylı müqavilədə nəzərdə tutulmuş “Hoffmann LED 43R7” markalı televizoru və İMEİ kodu **********50790 olan “Xiaomi Mİ Play” markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 03.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01025532 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 84 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 27.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə 13.08.2019-cu il və 03.11.2019-cu il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 13.08.2019-cu il və 03.11.2019-cu il tarixlərində bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 3671 (üç min altı yüz yetmiş bir) manat ödənilməmiş hissə, 1031 (min otuz bir) manat dəbbə pulu, ümumilikdə 4702 (dörd min yeddi yüz iki) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 300 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 3671 (üç min altı yüz yetmiş bir) manat əsas, 300 (üç yüz) manat dəbbə pulu, cəmi 3971 (üç min doqquz yüz yetmiş bir) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3671 (üç min altı yüz yetmiş bir) manat əsas borc, 300 (üç yüz) manat dəbbə pulu, cəmi 3971 (üç min doqquz yüz yetmiş bir) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar