Məhkəmə qərarları › İş №2(060)-6251/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6251/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6251/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh bir qonşu kimi tanıyır. Tərəflər əvvəllər Sumqayıt şəhəri, 9-cu mikrorayonda bir həyətdə yaşamışlar və münasibətləri də normal olmuşdur. İddiaçı ailə qurandan sonra yaşayış sahəsi olmadığına görə Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 2022-ci ildə Malik iddiaçıya təklif etdi ki, Sumqayıtda bəzi mənzillər var ki, təcili və ucuz qiymətə satılır. İddiaçıya təklif etmişdir ki, cavabdeh 3-4 otaqlı mənzili 60.000 manata ala bilər. İddiaçı Malikin təklifi ilə razılaşmış və iddiaçlya 3-4 otaqlı mənzil almaq üçün ona 60.000 manat məbləğində pul vermişdir. Lakin, Malik iddiaçıya nə mənzil almamış, nə də pulunu qaytarmamışdır. Dəfələrlə bu barədə ona bildirmiş, lakin Malik pulu qaytarmağa söz versə də, sözünə əməl etməmişdir. Nəhayət, 29 fevral 2024-cü il tarixdə öz xətti ilə iddiaçıya iltizam yazıb vermişdir ki, 60.000 manat məbləğində pulu 2024-cü il iyun ayının sonunda iddiaçıya qaytarmağı öhdəsinə götürür. Lakin, buna baxmayaraq, Malik bu günə kimi iddiaçının pullarını qaytarmamışdır. Ona görə də cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh 60.000 manat məbləğində əsas pulun, 270 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 300 manat, ümumilikdə 60.570 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, pul vəsaitini iddiaçının qardaşından almışdır. İddiaçı qardaşına təkidlər etdiyi üçün qardaşı ona borc vəsaiti vermişdir. Müqavilədə olan imza ona məxsusdur. 60.000 manatı iddiaçının qardaşı təqdim etmişdir. Borcu qaytarmaqdan yayınmır, lakin, hazırda maddi vəziyyəti zəifdir. İddiaçı ilə danışıqlara cəhd göstərmişdir. Borcu bir nəfər üçün götürmüşdür, daha sonra həmin şəxs vəfat etdi. Sözügedən mənzili iddiaçı tərəf almaq istəyirdi.

5. Sonuncu məhkəmə iclası ilə əlaqədar Cavabdeh tərəfindən məhkəməyə teleqram göndərilərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmişdir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları

8. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 60000 manat məbləğində borc aldığını etiraf edərək, həmin pulu 2024-cü il iyun ayının sonunda qaytaracağını öhdəsinə götürmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş materiallarında olan müqavilədən göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuş, Cavabdeh İddiaçı 60000 manat borclu olduğunu etiraf etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

11. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

12. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

13. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

14. Eyni Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

15. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

16. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. İddianın hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

20. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.

21. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən "xxxx" MMCya hüquqi yardımın verilməsinə görə 300 manat məbləğində pul ödənilmişdir.

22. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 270 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

24. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 270 manat məbləğində pul da cavabdehə aid edilməlidir.

25. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh 60.000 (altmış min) manat məbləğində pul və ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun əvəzi alınaraq İddiaçı ödənilməlidir.

26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 60.000 (altmış min) manat məbləğində pul və ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar