Məhkəmə qərarları › İş №2(060)-6254/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6254/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6254/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 14.9% olmaqla, 36 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 2025-ci ilin mayın 19-dək Cavabdeh1 banka xx.xx.2024-ci il tarixli kredit müqaviləsi üzrə 20827,92 manat əsas borc, 1058,84 manat faiz borcu və 24,18 manat cərimə borcu, cəmi 21910,94 manat borcu vardır. Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 24,18 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredil müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 6,05 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20827,92 manat əsas borc, 1058,84 manat faiz borcu və 6,05 manat cərimə borcu olmaqla, ümumilikdə 21892,81 manat və 155,68 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı ASC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə iclasının onların iştirakı olmadan keçiriləsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 32-Z2-1-0-397-24 saylı istehlak krediti müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 14,9 faizlə, 25000 manat məbləğində kredit verilmişdir.

9. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 oğlu borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərinə öhdəlik götürmüşlər.

10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Banka 20827,92 manat əsas borcu, 1058,84 manat faiz borcu, 24,18 manat cərimə borcu, cəmi 21910,94 manat borcu vardır.

11. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 32-Z2-1-0-397-24 saylı kredit müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 14,9 faizlə, 25000 manat məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər, cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka ödənilməmiş borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

19. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, kredit təşkilatı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri də cavabdehlərə aid edilməlidir.

24. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20827,92 (iyirmi min səkkiz yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat əsas, 1058,84 (bir min əlli səkkiz manat, səksən dörd qəpik) manat faiz borcu və 6,05 (altı manat, beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 21.892,81 (iyirmi bir min səkkiz yüz doxsan iki manat, səksən bir qəpik) manat məbləğində pul və 155,68 (bir yüz əlli beş manat, altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20827,92 (iyirmi min səkkiz yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat əsas, 1058,84 (bir min əlli səkkiz manat, səksən dörd qəpik) manat faiz borcu və 6,05 (altı manat, beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 21.892,81 (iyirmi bir min səkkiz yüz doxsan iki manat, səksən bir qəpik) manat məbləğində pul və 155,68 (bir yüz əlli beş manat, altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar