Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6270/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bu ilin əvvəllərində tanış olmuşlar. O özünü “ kombi” ustası kimi təqdim etmişdir. 12 may 2025-ci ildə Mehman iddiaçının yaşadığı evə gəlmişdir. Kombi çəkmək üçün evi ölçüb-biçdi. İlkin olaraq iddiaçıdan 1000 manat pul aldı. 3 gündən sonra Mehman iddiaçıdan əlavə olaraq 500 manat pul istədi. İddiaçı da ona 150 manat vermişdir. Həmin pulları iddiaçı həyat yoldaşının və nəvəsinin yanında vermişdir. Cavabdehə dəfələrlə təkid etməyinə baxmayaraq, nə pulunu qaytarmadı, nə də işini görmədi. xx.xx.2025-ci ildə ərizə ilə Sumqayıt şəhər Piolis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsindən xx.xx.2025-ci ildə 13081 saylı məktubla cavab verildi ki, göstərilən faktla əlaqədar məhkəməyə müraciət etməyi məqsədə müvafiqdir. Cavabdehin ünvanına sahə rəisi ilə gedərkən o, bildirdi ki, bəli göstərilən pulu almışdır, hazırda qaytarmaq imkanı yoxdur, yaxın gələcəkdə pulu tam şəkildə qaytaracaqdır. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh Mahmud oğlundan 1150 manat pulun və 32 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddiaçı tərəfindən ona 1150 manat pul verilmişdir. Bunun müqabilində tərəfindən cavabdehə məxsus evə kombi sisteminə aid ləvazimatlar alınmışdır. Təxmini qiyməti 600 manata yaxın idi. Həmin əşyalara 150 metrlik turbalar, kombi sisteminin aksessuarları, kranlar, detektor, stabilizator daxildir. İddiaçı tərəfindən kombinin özü və panelləri alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən, 600 manat hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli, 58-1/2-M-31209/2 saylı məktubun surətindən görünür ki, müraciətə Sumqayıt ŞPİ-nin 1-ci PB-də baxılmışdır. Müraciətdə qeyd etdiyi xüsusatlar məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin müvafiq maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməniz məqsədəmüvafiqdir.
7. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Rasim Əlixanov tərəfindən İddiaçı ünvanlanan arayışın surətindən görünür ki, ünvan 2vanında yaşayan İddiaçı Yediyar oğlunun Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciəti daxil olmuşdur. Vətəndaş İddiaçı Yediyar oğlu müraciətində Cavabdeh adlı şəxsə 12 may 2025ci il tarixdə yaşadığı ünvana kombi çəkdirməsi ücün ümumi olaraq 1150 manat pul verdiyini, lakin Cavabdeh vədinə əməl etmədiyini və onun pulunu geri qaytarmaqdan boyun qaçırdığını bildirmişdir. Müraciət əsasında izahatı alınmış İddiaçı Yediyar oğlu ərizədə qeyd olunan xüsusatları təsdiq etmişdir. Vətəndaş İddiaçı Yediyar oğlu müraciətində qeyd etdiyi xüsusatların həllinin Azərbaycan Respublikası Mülki və Mülki- Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin müvadiq maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmuşdur. Odur ki, İddiaçı Yediyar oğlu müraciətində qeyd etdiyi xüsusatlar məhkəmələrin səlahiyyətində olduğundan vətəndaşa rəsmi cavab verilməklə materialın işə tikilməsini məqsədəmüvafiq hesab edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh kombi sisteminin alınması məqsədilə 1150 manat məbləğində pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliyini yerinə yetirməmişdir. Nəticədə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı borcun qaytarılmasını tələb edir, cavabdeh də iddiaçıya borclu olduğunu qismən etiraf edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.
11. Məhkəmə onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.
12. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Odur ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
17. Baxılan işdə həm iddiaçının, həm cavabdehin bildirdiklərinə, həm də iddiaçının “cavabdehin əmlakı iddiaçıya qaytarmaqdan imtina etməsi” mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, bu nəticəyə gəlmək üçün əvvəlcə cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması sübuta yetirilməlidir.
18. Bu baxımından ilk növbədə nəzərdən keçirilə biləcək hüquqi əsaslardan biri tapşırıq müqaviləsidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
20. Eyni Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
21. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
22. İşin müəyyən edilmiş hallarından belə məlum olur ki, iddiaçı özü bilavasitə cavabdehə kombi sisteminin alınması və quraşdırılması məqsədilə 1150 manat məbləğində pul vermişdir.
23. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 1150 manat pul aldığını, müəyyən kombi sisteminə aid ləvazimatları iddiaçıya təhvil verdiyini, hazırda 600 manat borcu olduğunu etiraf etmişdir.
24. Beləliklə, cavabdehin iddiaçı qarşısında 1150 manat məbləğində öhdəliyinin yaranması faktı iş materialları ilə tam şəkildə sübuta yetirilmişdir. Bu, işin mübahisəsiz halıdır.
25. Hazırda mübahisə predmeti öhdəliyin həcmi deyil, onun nə qədər hissəsinin ödənildiyi və yekun borcun məbləğidir.
26. Məhkəmə bildirir ki, hazırda öhdəliyin tam və ya qismən icra edilməsini (qalıq borcun məbləğini) sübutetmə yükü cavabdehin üzərinə düşür. Başqa sözlə, cavabdeh iddiaçı tərəfindən ona verilmiş 1150 manat pulun qarşılığında ona tapşırılmış iş(lər)i qismən icra etməsini mötəbər sübutlarla təsdiq etməlidir.
27. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
28. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
29. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
30. Sübutetmə yükünü daşımasına baxmayaraq, cavabdeh iddianın əsassız olmasını təsdiq edə biləcək sübutları (qəbz, şahid ifadələri və s.) məhkəməyə təqdim etməmişdir.
31. Belə olan halda cavabdeh sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.
32. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü və icra etmədiyi 1150 manat məbləğində öhdəliyi mövcuddur.
33. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh 1150 (bir min yüz əlli) manat məbləğində pul və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
35. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1150 (bir min yüz əlli) manat məbləğində pul və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva