Məhkəmə qərarları › İş №2(060)-6280/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6280/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6280/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən aldığı İMEİ kodu **********96063 olan Blackview Tab 8 10.1 markalı tabletə dair aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi və həmin tabletə görə ödənilmiş 216 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********96063 olan Blackview Tab 8 10.1 markalı tablet almışdır. Həmin tabletin qiyməti 432 manat təşkil elmişdir. Həmin tabletin dəyərini 12 ay müddətində hər ay 36 manat olmaqla ödəməli olmuşdur. Sonradan tabletdə nasazlıq yaranmışdır. Həmin tabletin zəmanət talonu həmçinin qızıl zəmanət talonu mövcud olmasına baxmayaraq iddiaçı tərəfindən cavabdehə müraciət olunmuş lakin cavabdeh həmin tabletdə yaranmış nasazlığı aradan qaldırmamış və müxtəlif bəhanələr ilə üzərinə götürdüyü öhdəlikdən yayınmışdır. Hətta vəziyyət o dərəcəyə çatmışdır ki, cavabdeh məhkəməyə müraciət edərək iddiaçıdan 216 manat və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi həmin işə sadələşmiş icraat qaydasında baxaraq iddia ərziəsini iddiaçıya rəsmi qaydada göndərmədiyinə görə həmin iddiaya qarşı rəsmi etirazını bildirə bilməmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərlə bağlı bir istehlakçı kimi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh "xxxx" MMC etirazla məhkəməyə müraciət edərək İddiaçı cavabdeh ”ABC-Telecom" MMC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi" tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iddia tam əsassızdır və rədd edilməlidir. İddiaçının cihazla bağlı ilkin müraciətindən sonra cihazda onu qane etməyən nasazlıq aradan qaldırılmış və işlək vəziyyətdə məhsul ona təhvil verilmişdir. Bu zaman cihazda əyrilik olduğu, qulaqlıq konnektrounda korlanma olduğu müəyyən edilmişdir, bu hal da istehlakçının istifadə zamanı meydana gələn, ondan asılı olan hallardır. Yəni iddiaçı planşetin qulaqcıq ilə birləşən hissəni zədələmişdir, eyni zamanda cihazda (korpusda) əyrilik aşkarlanmışdır. Bu hallar zəmanətli hal olmadığından və istehsalla bağlı olmadığından qızıl zəmanət şərtlərinə əsasən ödənişsiz aradan qaldırılmış və cihaz işlək şəkildə iddiaçıya qaytarılmışdır. İddiaçının daha sonrakı müraciətində iddiası cihazın on/off düyməsinin olmaması ilə bağlı olmuşdur. Lakin bu müraciəti ilə bağlı cihazın servisdə müayinə edilməsinə şərait yaratmamışdır, cihazı saxlamadan servisdən təhvil almışdır. Lakin cihazın düyməsinin olmaması və ya qırılması da ondan düzgün istifadə edilməmə nəticəsində baş verə bilər. İddiaçı cihazın təmiri ilə bağlı müraciət edərsə, ödənişli şəkildə ona xidmət göstərilə bilər. Bundan əlavə qeyd edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini lazımi şəkildə icra etmədiyindən pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir və Sumqayıt Şəhər Məhkəməsinin etiraza əlavə edilən xx.xx.2022 tarixli, e- 2(060)-4013/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022 tarixli, 2(105)-1807/2022 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə qeyd edir ki, iddiaçının hazırki tələb və şikayətinə, onları əsaslandıran dəlillərə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və bu məsələ ilə bağlı yekun qənaət əldə edilmişdir. Həmin işdə iddiaçı özü də şəxsən iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, aldığı tabletin ekranı açılmır, zəng gəlmir, batareyası enerji yığmır. Məhsulun nasazlığı barədə "xxxx" MMC-nə müraciətlər etsə də, nəticə əldə edə bilməmişdir. Məhsul nasaz olduğundan onun dəyərini ödəməkdən imtina etmişdir. İddia tələbinin təmin edilməsini, cavabdeh "xxxx" MMC-dən aldığı İMEİ kodu **********96063 olan Blackview Tab 8 10.1 markalı tabletə dair aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş "xxxx" MMC nümayəndəsinin məhkəmədə iştrakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməmiş "xxxx" MMC nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiamını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli Zəmanət Talonundan görünür ki, müəyyən olunsa ki, qüsur istehsalçı tərəfindən buraxılmış, müəyyən olunmuş qüsur həmin malın zəmanət müddətində aşkarlanıb bu halda “Texniki servis” “Zəmanət talonu” çərçivəsində xidməti ödənişsiz göstərir. - qəbzlərdən görünür, İddiaçı aldığı məhsulun aylıq ödənişlərindən ümumi 216 manat ödəniş etmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4013/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********96063 olan Blackview Tab 8 10.1 markalı tabletə görə 216 (iki yüz on altı) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1807/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4013/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4013/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********96063 olan Blackview Tab 8 10.1 markalı tabletə görə 216 (iki yüz on altı) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-1807/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4013/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən- Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən- Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən- Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iddia tələbini araşdıraraq, hesab edir ki, alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən alınmış məhsul üçün ödənilmiş 216 manat pulun geri qaytarılması üçün əsas mövcud deyil. Belə ki, xx.xx.2020-ci il tarixli müqavilə bağlanan zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, məhsul iddiaçıya təhvil verilərkən qüsursuz şəkildə təhvil verilmiş, məhsul iddiaçıda olarkən, zəmanət müddətində aradan qaldırıla bilən qüsurlar "xxxx" MMC tərəfindən aradan qaldırılmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MMC-dən aldığı İMEİ kodu **********96063 olan Blackview Tab 8 10.1 markalı tabletə dair aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi və həmin tabletə görə ödənilmiş 216 manat pulun "xxxx" MMC-dən alınıb iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" MMC-dən aldığı İMEİ kodu **********96063 olan Blackview Tab 8 10.1 markalı tabletə dair aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi və həmin tabletə görə ödənilmiş 216 manat pulun "xxxx" MMC-dən alınıb iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar