Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6307/2024 05.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 3 ilə yaxındır ki, Cavabdeh ilə qeyri-rəsmi münasibəti olmuşdur. Cavabdeh aralarındakı münasibətdən istifadə edərək iddiaçının etibarından sui-istifadə etmişdir. Bu 3 il ərzində ərzində cavabdehin iddiaçıya 17.000 manat borcu yaranmışdır. Müxtəlif tarixlərdə cavabdehə məxsus kart hesabına etdiyi köçürmələri çıxarışı da mövcuddur. Cavabdehə bir neçə dəfə borcunu qaytarmağı təklif etmiş, mübahisəni sülh yolu ilə həll etmək tərəfdarı olduğunu bildirsə də, cavabdeh bu günə qədər öz borcunu ödəməkdən yayınmışdır. Cavabdehlə bu məsələ barəsində danışıqlar aparmışlar. Lakin cavabdehin anası hadisənin sülh yolu ilə həll olunmasına imkan verməyib iddiaçının ünvanına təhqirlər işlədərək iddiaçını öldürməklə hədələmişdir. Hadisə ilə bağlı İddiaçı xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng etmişdir. İşə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-ində baxılmışdır. Cavabdeh verdiyi izahatında mənə 17000 manat borcu olduğunu etiraf etmişdir. Hadisənin sülh yolu ilə həlli mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət edir. Cavabdeh 17000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh 17000 manat pulun və 141 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək, iddiaçıya 17000 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
5. Sonuncu iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən vətəndaş X2 və İddiaçı müxtəlif vaxtlarda müraciətləri əsasında Sumqayıt ŞPİ İŞ-də toplanmış HK-1/1698 nömrəli və HK- 1/1699 nömrəli materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
9. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, təxminən 3 ilə yaxındır ki, İddiaçı adlı qadınla qeyri-rəsmi münasibəti olmuşdir. Həmin vaxt ərzində onun Validəyə təxminən 17000 manat borcu yaranmışdır. Buna görə də onunla aralarında halhazırda danışıqlar olur. xx.xx.2024-cü il tarixdə ona olan borcu ilə bağlı Validənin yaşadığı ev ünvanına, 9-cu mikrorayon Kristal Abşeronda yerləşən binaya getmişdir. Daha sonra valideyninin DİN-in 102 XZM-nə müraciət etdiyini öyrənmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 17000 manat məbləğində pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı borcun qaytarılmasını tələb edir, cavabdeh də iddiaçıya borclu olduğunu etiraf edir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
12. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
13. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
15. Qeyd olunan Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə 17000 manat məbləğində pul vəsaitini borc vermiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh 17000 manat məbləğində borcu olduğunu məhkəmə iclasında etiraf etmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
19. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
20. Beləliklə, məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
21. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
23. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 141 (bir yüz qırx bir) manat məbləğində pul da cavabdehə aid edilməlidir.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və 141 (bir yüz qırx bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və 141 (bir yüz qırx bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva