Məhkəmə qərarları › İş №2(060)-6319/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6319/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6319/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı əmlak və pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan qızıl-zinət əşyaları hesabına əsassız varlanmış hesab olunması, 26 adda qızıl-zinət əşyalarının (1750 əyar,128,9 qram, ümumi sayı 11, dəyəri isə 13990,81 manat olan 1 ədəd qolbağ, 2 cüt sırğa, 2 ədəd boyunbağı, 2 ədəd klon, 2 ədəd üzük; 583 əyar, 39,2 qram, ümumi sayı 4, dəyəri isə 3429,22 manat olan 1 ədəd boyunbağı, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı, 500 əyar, 10,6 qram, ümumi sayı 4, dəyəri isə 807,08 manat olan 1 cüt sırğa, 1 ədəd üzük, lom 1 ədəd (qırıq); 583 əyar, 26,2 qram, ümumi sayı 7, dəyəri isə 2291,98 manat olan 6 ədəd üzük, 1 ədəd klon; ümumi dəyəri 2500 manat olan 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl saat üzük) həmçinin dəyəri 420 manat “Redmi Note8” markalı mobil telefonun, 450 manat pulun və lombarda olan 1812 manat məbləğində borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Sumqayıt şəhər xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərir. “Covid-19” pandemiyası başladığı gündən həmin xəstəxanada “Covid-19” xəstələrinin müalicəsində iştirak etmişdir. Həmin dövrdə yüksək əmək haqqı aldığından müəyyən məbləğdə pul toplamışdır. Əvvəllər avtomobil idarə etdiyindən yeni avtomobil almaq qərarına gəlmişdir. Lakin əmək haqqından topladığı pul yaxşı avtomobil almaq üçün yetərli olmadığından iddiaçı cavabdehdən pul istəmiş, lakin o, pulunun olmadığını iddiaçıya bildirmişdir. Bu səbəbdən iddiaçı özünə məxsus olan ümumi dəyəri 20517,09 manat, real dəyəri 28000 manat olan qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Cavabdeh iddiaçıya bütün bunların müqabilində 10130 manat məbləğində pul vermişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdeh "xxxx"a qızılları qoyub pul götürmüşdür. Cavabdeh iddiaçıya bildirmişdir ki, bank qarşısında öhdəliyi də iddiaçı yeinə yetirməlidir. İddiaçı həmin vaxtdan öhdəliyini yerinə yetirir. İddiaçı cavabdehdən qızıllarını geri tələb etsə də, o qızılları verməkdən qəti şəkildə imtina edib. İddiaçı bank qarşısında olan öhdəliyini yerinə yetirdiyindən və cavabdeh tərəfindən ona verilən pulu faizi ilə birlikdə banka ödədikdən sonra cavabdehdən qızılları götürərək bununla da onun hesabına əsassız varlanacaq. Faktiki qızılların dəyəri göstərilən dəyərdən yüksəkdir. Göstərilən qızıl-zinət əşyalarından başqa cavabdeh ilə birgə yaşadıqları dövrdə, 2021-ci ilin fevral ayında cavabdeh iddiaçının razılığı olmadan ona məxsus olan 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl üzük saatı götürərək ünvan 1 ünvanında yerləşən “Elba” lombardına girov qoyaraq 1250 manat pul almış, bundan başqa dəyəti 420 manat olan “Redmi Note8” markalı mobil telefonu götürmüşdür. Lombarddan iddiaçıya bildirilmişdir ki, qızıl-zinət əşyalarına görə götürülmüş 1250 manat pula görə faizi ilə birlikdə 1812 manat məbləğində borc yaranmışdır. Borc ödənilmədiyi üçün qızıl-zinət əşyalarının lombarddan götürülməsi qeyri-mümkündür. Bundan başqa "xxxx"a cavabdehin adına olan kreditin ödənilməsi ilə bağlı 15.02.2021-ci il tarixdə 450 manat pul ödəmişdir. Həmin pul vaxtından qabaq ödənildiyindən cavabdehin həmin bankdakı hesabında qaldığından cavabdeh pulu çıxardaraq iddiaçıya 450 manat ziyan vurmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı Sumqayıt şəhər xəstəxanasında tibb bacısı kimi işləyir. Cavabdeh xəstəxanada olan zaman onlar tanış olublar. Tanış olduqdan bir müddət sonra onlar faktiki ailə münasibətlərinə daxil olublar və birgə yaşayıblar. İddiaçı cavabdehə avtomobil almaq istədiyini bildirib. Buna görə də iddiaçı ona məxsus olan qızılları girov qoyub, kredit götürmək qərarına gəlib. Cavabdehin aylıq əmək haqqı yüksək olduğundan girovu onun adına qoymaq qərarına gəliblər. İddiaçı bildirir ki, hal-hazırda ona məxsus olan bu qızılzinət əşyaları cavabdehdədi və bu əsassız varlanma təşkil edir. Çünki həmin əşyalar iddiaçıya məxsusdur. Həmin qızıl-zinət əşyalarının müqabilində iddiaçı cavabdehin adına 10500 manat kredit götürüb. Eyni zamanda iddia ərizəsində qeyd edildiyi kimi cavabdeh sonradan ona məxsus olan qızıl-zinət əşyalarını “Elba” Lombard evinə gorov qoyaraq da kredit əldə etmişdir. Həmin borc isə ödənilmədiyindən faizlə birlikdə 1812 manat təşkil edir ki, iddiaçı həmin əşyaları götürmək üçün həmin məbləği ödəməlidir. Bu səbəbdən həmin məbləğ də cavabdehdən tutulmalıdır. Həmçinin iddiaçıya məxsus olan dəyəri 420 manat “Redmi Note8” markalı mobil telefon da cavabdeh tərəfindən götürülüb. İddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı hər hansı razılaşma olmayıb. Çünki iddiaçı hal-hazırda banka oaln kredit borcunu ödəyir. Belə ki, əgər belə bir razılaşma olsaydı iddiaçı həmin borcu ödəməzdi. Kredit müqaviləsinin müddəti isə hələ də davam edir və müddətin bitməyinə hələ çox var. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, barəsində iddia qaldırılmış qızıl-zinət əşyaları əvvəllər iddiaçıya məxsus olub. Lakin hal-hazırda ona məxsus deyil. O, iddiaçı ilə 2020-ci ilin may ayında xəstəxanada tanış olmuşlar. Daha sonra birlikdə yaşamağa başlamışlar. Onlar 2020-ci ilin dekabr ayına qədər birlikdə yaşayıblar. İddiaçı ona çoxlu borcunun olduğunu və borc aldığı insanların onu sıxışdırdığını, borclarını tələb etdiklərini bildirmişdir. İddiaçı ondan borc pul istəmişdir. O, iddiaçıya pərakəndə pul verə bilməyəcəyini bildirmişdir. O, iddiaçıya notariusla rəsmi qaydada pul vermək istəmişdir, lakin faiz tutulduğuna görə iddiaçı buna razı olmamışdır. O, qeyd edilən qızıl-zinət əşyalarını pul müqabilində satın almışdır. Belə ki, iddiaçıya 888 manat, 6800 manat və 7800 manat olmaqla 15488 manat pul vermişdir. Bunun müqabilində isə qızıl-zinət əşyalarını hissə-hissə iddiaçının evində olan seyfə qoymuşlar ki, bunlar ona aiddir. Bundan sonra isə həmin əşyaları banka girov qoyaraq pul götürmüşdür. Banka olan ödənişləri isə iddiaçı edir. Çünki kredit götürülən pul iddiaçıya verilib. İddiaçının bildirdiyi “Redmi Note8” markalı mobil telefonu o götürməyib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materilları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1973-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 09.07.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. 22 sentyabr 2020-ci il tarixli, cavabdehlə "xxxx" ASC arasında bağlanmış girov müqaviləsinə əsasən cavabdeh 20519,09 manat dəyərində qiymətləndirilən qızıl-zinət əşyalarını girov qoymuş, bunun müqabilində 10130 manat məbləğində kredit götürmüşdür. Cavabdehlə "xxxx" ASC arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan illik 27 faizlə, 24 ay müddətinə, şəxsi istehlak məqsədi üçün 10130 manat məbləğində kredit götürmüşdür. Ödəniş cədvəlinə əsasən cavabdeh hər ay 550,87 manat, sonuncu ay isə 550,92 manat ödəməyi öhdəsinə götürmüşdür. 22 sentyabr 2020-ci il tarixli, ******* saylı girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktına əsasən 22 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinin təminatı qismində çıxış edən, cavabdeh tərəfindən girov qoyulmuş 1 ədəd qolbağ, 2 cüt sırğa, 2 ədəd boyunbağı, 2 ədəd klon, 2 ədəd üzük, 583 əyar, 39,2 qram, ümumi sayı 4, dəyəri isə 3429,22 manat olan 1 ədəd boyunbağı, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı, 500 əyar, 10,6 qram , ümumi sayı 4, dəyəri isə 807,08 manat olan 1 cüt sırğa, 1 ədəd üzük, lom 1 ədəd (qırıq), 583 əyar, 26,2 qram, ümumi sayı 7, dəyəri isə 2291,98 manat olan 6 ədəd üzük, 1 ədəd klon kimi göstərilən 26 ədəd qızıl-zinət əşyası 20519,09 manat məbləğində qiymətləndirilmiş və bankın pul anbarına saxlanca qəbul edilmişdir. 102108 saylı girov biletinin surətinə əsasən cavabdeh 04.12.2020-ci il tarixdə 750 əyar, 17,45 qram olan 1 ədəd qolbağı, 585 əyar, 8,47 qram olan bir ədəd üzüyü lombard fəaliyyəti ilə ilə məşğul olan X2 girov qoyaraq 1250 manat məbləğində pul götümüşdür. X3 tərəfindən verilmiş arayışa əsasən cavabdeh 04.12.2020-ci il tarixində 1250 manat kredit götürmüşdür. 21.09.2021-ci il tarixinə olan borc isə 1812 manat təşkil edir. İş materiallarına qızıl-zinət əşyalarının fotoşəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Normaların məzmunundan göründüyü kimi iddiaçı öz mülkiyyətində olan əşyanı digər şəxsin qanunsuz sahibliyindən tələb edə bilər. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərilmiş əmlakların ona məxsus olduğunu, onların cavabdehin qanunsuz sahibliyində olduğunu bildirir və onları cavabdehdən tələb edir. Cavabdeh isə qızıl-zinət əşyalarının iddiaçı tərəfindən pul qarşılığında ona satıldığını və ona məxsus olduğunu bildirir. Mülki Məcəllədə göstərilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Göründüyü kimi iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğu, onların iddiaçının mülkiyyətində olması və cavabdeh tərəfindən bir qisminin banka, digər qisminin isə lombarda girov qoyularaq kredit əldə edilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh iddiaçı ilə aralarında alqı-satqı münasibətlərinin mövcud olduğunu və qızıl-zinət əşyalarını iddiaçıdan alqı-satqı əsasında aldığını bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iş üzrə verilmiş izahatlarla da müəyyən edilir ki, tərəflər təxminən yarım ildən artıq müddətdə bir yerdə yaşamışlar. Belə olan halda onların arasında hər hansı alqı-satqı müqaviləsinin mövcudluğu real görünmür. Cavabdeh qızıl-zinət əşyalarını cavabdehdən almasını, yalnız cavabdehə köməklik etmək məqsədi daşıdığını bildirir. Belə olan halda cavabdeh iddiaçıya borc pul verə və borcun qaytarılmasının təminatı kimi qızıl-zinət əşyalarını ondan müvəqqəti ala bilərdi. Eyni zamanda cavabdehin banka olan kredit borcu da iddiçı tərəfindən ödənilir və cavabdeh bununla razılaşır. Bütün bunlar qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə satılmadığı, yalnız kredit əldə edilməsi üçün verildiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən Expressbank” ASC-də gorovda olan 26 adda qızıl-zinət əşyaları və ya onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddia tələbi cavabdeh tərəfindən lombardda girov qoyulmuş qızılzinət əşyalarına aid hissədə də təmin edilməlidir. Girov biletində həmin əşyaların dəyəri göstərilmədiyindən verilmiş kredit məbləği həmin əşyaların dəyəri kimi qəbul edilməlidir. İddiaçı “Redmi Note8” markalı mobil telefonun da cavabdehdən alınmasını xahiş etsə də həmin əşyanın cavabdeh tərəfindən götürüldüyünü sübut edə bilməmişdir. İddiaçı tələbin əsası kimi Sumqayıt şəhər Polis idarəsi 4-cü Polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına istinad etsə də, həmin Qərarda cavabdehin həmin mobil telefonu götürməsi ilə bağlı izahat verməsi öz əksini tapmamışdır. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Cavabdehin lombarda borclu olduğu 1812 manat məbləğin də ondan tutulmalı olması ilə bağlı tələbə gəldikdə qeyd edilməlidir ki, həmin müqavilə cavabdehlə lombard arasında bağlanmışdır. Qeyd edilən borc məbləği isə cavabdehə məxsusdur. Belə olan halda isə həmin məbləğin cavabdehdən tutulması qanuni hesab edilə bilməz. Bu səbəbdən iddia qismən təmin edilməli, iddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddia ərizəsində göstərilən aşağıdakı aşağıdakı qızıl-zinət əşyaları: 1750 əyar,128,9 qram, ümumi sayı 11, dəyəri isə 13990,81 manat olan 1 ədəd qolbağ, 2 cüt sırğa, 2 ədəd boyunbağı, 2 ədəd klon, 2 ədəd üzük; 583 əyar, 39,2 qram, ümumi sayı 4, dəyəri isə 3429,22 manat olan 1 ədəd boyunbağı, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı; 500 əyar, 10,6 qram, ümumi sayı 4, dəyəri isə 807,08 manat olan 1 cüt sırğa, 1 ədəd üzük, lom 1 ədəd (qırıq); 583 əyar, 26,2 qram, ümumi sayı 7, dəyəri isə 2291,98 manat olan 6 ədəd üzük, 1 ədəd klon və ya onların ümumi dəyəri olan 20519 (iyirmi min beş yüz on doqquz) manat 09 (doqquz) qəpik pul, 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl saat üzük və ya onların ümumi dəyəri olan 1250 (min iki yüz əlli) manat pul Cavabdeh oğlundan alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh oğlundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar