Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6331/2020 19.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4807/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişərək cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi dövlət nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 dünyaya gəlib. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4807/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, birgə nikahdan olan uşağın onun yanında qalması, onun yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, 100 manat uşağının ehtiyacları üçün kifayət etmir. Dövlət tərəfindən aliment məbləği 2020-ci il üçün 170 manat məbləğində müəyyən etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, xəstə olan ata və anasına qulluq edir. Eləcə də, himayəsində əvvəlki nikahından olan 3 uşağı var, hər birinin maddi vəziyyəti ilə özü maraqlanır. Hazırda “xxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü işləyir, aylıq qazancı dəyişkən olur, iyul-sentyabr ayı üzrə 3 aylıq maaşının çıxarışı barədə arayışı məhkəməyə təqdim etmişdir. Müəyyən edilmiş alimenti anasının pensiyası hesabına ödəyir. Onun maddi imkanı iddia edilən məbləğdə aliment ödənilməsi üçün yetərli deyildir. Eləcə də göstərdi ki, hazırda iddiaçı özü işləyir və ata-anası ilə birlikdə yaşayırlar, maddi vəziyyətləri yaxşıdır. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4807/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X1 Cavabdeh qarşı “sabit pul məbləğində alimentin ödənilməsi və maddi yardım” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixdən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan bir övladının olması, uşağın ananın yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də X11 Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan “xxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 50 saylı arayışından görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdən hazırkı vaxta qədər Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan “xxxxxxxxxxxxxxxxxx” MMCdə sürücü işləyir, iyul-avqust, sentyabr aylarında aldığı 3 aylıq cəmi əmək haqqı 258 (50+78+130) manat təşkil edir. Məhkəmənin elektron sorğusu ilə əldə olunmuş elektron məhkəmə sistemi məlumatlarından görünür ki, İddiaçı “xxxxxxxxx” MMC-də pərakəndə satış müəssisəsində satıcı işləyir, əmək haqqı 250 manat təşkil edir. Eləcə də iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qətnamənin məzmunundan görünür ki, cavabdehin anası Qurbanova Elmira Höcət qızı 4 nömrəli şəhər poliklinikasının endokrinoloji kabinetində “Şəkərli diabet, İİ tip ağır forma, insulin tələbi ilə” diaqnozu ilə dispanser qeydiyyatındadır. Həmçinin həmin qətnamənin məzmunundan görünür ki, cavabdehin 2005-ci il təvəllüdlü X6, 2003-cü il təvəllüdlü X7 və 2006-cı il təvəllüdlü X9 adlı övladları da vardır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdehin əmlak, maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin - kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Həmçinin, cavabdehin etirazının əsası kimi göstərdiyi əmək haqqının hazırkı iddiada göstərilən məbləği ödəmək üçün kifayət etməməsi, himayəsində xəstə anasının və əvvəlki nikahdan üç uşağının olması, eləcə də iddiaçının iş yerinin, maddi vəziyyətinin uşağı saxlamaq üçün yetərli gəlirə malik olması barədə göstərdikləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6331/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6331/2020
19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver