Məhkəmə qərarları › İş №2(060)-6344/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6344/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6344/2021 08.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi əvvəllər mebel ustası kimi tanımış, mənzilinə yataq mebeli sifariş etmək üçün 2021-ci ilin yanvar ayında Cavabdeh müraciət etmişdir. Razılaşmaya görə cavabdeh düzəltdiyi yataq mebelinə görə 390 manat pul ödənilməsini bildirmiş, o, həmin vaxt yataq mebeli üçün 400 manat, daha sonra isə yataq mebelinin döşəyinə görə 50 manat, cəmi 450 manat pul ödəmişdir. Bundan bir neçə gün sonra cavabdeh yataq mebelinin materiallarını onun mənzilinə gətirərək, bir-iki saata gəlib mebeli quraşdıracağını bildirmişdir. Lakin cavabdeh bu günə qədər gəlməmiş, üzərinə düşən öhdəliyi icra etməmişdir. O, dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh onun telefon zənglərinə cavab verməmişdir. Əlacsız qalıb Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirmişlər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 450 (dörd yüz əlli) manat və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 480 manat (dörd yüz səksən) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 13.08.2021-ci il tarixdə tələbin azalması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara və şahid ifadələrinə məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, İddiaçı ilə 15 il yataqxanada qonşu olmuşlar, 10 ildir də hazırki ünvanda qonşudurlar. 2021-ci ilin yanvar ayında Mətanət mənzilinə mebel sifariş vermiş, mebelin pulunun ödənilməsi üçün hətta Mətanət ondan 50 manat da borc pul almışdır. O, həmin həyətdə mağaza işlədir, iddiaçının sifariş etdiyi mebellər gələndən sonra onun mənzilinə getmiş, görmüşdür ki, mebel materialları gəlib, lakin mebel hələ də quraşdırılmamışdır. İddiaçı bildirmişdir ki, mebeli 450 manata sifariş edib. Uzun müddət keçməsinə baxmayaraq, Mətanət ona ustanın gəlib mebeli quraşdırmadığını bildirmişdir. Hazırki günədək mebelin materialları iddiaçının mənzilindədir. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirdi ki, İddiaçı oğlu Nicat ilə dostdur. Həmin gün, yəni mebellər gələn gün o, iddiaçının oğlu ilə həyətdə taxtaların daşınmasına kömək etmişlər. İddiaçı mebeli gətirənlərə pul verdiyini görmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin 01.07.2021-ci il tarixli, 329-2510V-3221 saylı məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmasından imtina edilmiş, ona Azərbaycan Respublikası Mülki və Mülki Prosesual Məcəlləsinin tələblərinə əsasən məhkəmə qaydasında ərizə verməsi izah olunmuşdur. Məhkəmə iclasında iddiaçının verdiyi izahat və şahid ifadələri əsasında müəyyən edildi ki, həqiqətən də iddiaçı cavabdehə sifariş verdiyi mebellərin dəyəri olaraq 450 manat məbləğində pul vermişdir. Yataq mebelinin materialları iddiaçının mənzilinə gətirilsə də, quraşdırılmamış, avadanlıqlar iddiaçının evində qalmışdır. Məhkəmə araşdırması zamanı iddia tələbinin dəlillərini sübutlarla öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuşdur.Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 450 (dörd yüz əlli) manat pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar