Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-636/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Xalid Vüqar oğlu Mirzəzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 may 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 19.9 faiz dərəcəsi ilə 36 ay müddətində 8900 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, 2021-ci il noyabrın 15-dək Cavabdeh banka 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 6039.31 manat əsas borc, 420.36 manat faiz borcu və 209.76 manat cərimə borcu olmaqla, cəmi 6669.43 manat borcu vardır. Cavabdeh 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 209.76 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 104.88 manat məbləğində tələb olunur. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 6039.31 manat əsas borc, 420.36 manat faiz borcu və 104.88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6564.55 manat borcun və 85.65 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsinə əsasən ona, illik 19,9 faiz dərəcəsi ilə 36 ay müddətində 8900 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini yerinə yetirməmişdir. 2022-ci il noyabrın 25-dək onun banka xx.xx.2021-ci il tarixli müqavilə üzrə 6039.31 manat əsas borc, 420.36 manat faiz borcu və 209.76 manat cərimə borcu olmaqla, cəmi 6669.43 manat borcu vardır. Cavabdehin qeyd olunan müqavilə üzrə banka olan cərimə borcu 209.76 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 104.88 manat məbləğində tələb olunur. Lakin cavabdeh tərəfindən 10.02.23-cü il tarixdə ödəniş etmişdir. Bu barədə maliyyə arayışı və hesabdan çıxarış təqdim etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 10 yanvar 2023-cü il və 10 fevral 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Krediti imzalayıb götürmüş, lakin başqasına vermişdir. Onun da ödəniş etmədiyindən xəbəri olmamışdır. 5-6 aydan sonra, yəni dekabr ayında ona bankdan zəng edib bildirəndən sonra xəbərdar olmuşdur ki, kredit ödənilmir. Daha sonra maraqlanmış və ona məlum oldu ki, pulu verdiyi adam Rusiya Federasiyasına getmiş və ödənişləri etməmişdir. Borc məbləgindən 500 manat ödəniş etmişdir. Krediti o imzalayıb götürsə də, pulu başqa şəxsə vermiş, onun da ödəniş etmədiyindən xəbəri olmamışdır. xx.xx.2022-ci ildə bank tərəfindən bu barədə xəbər tutmuşdur. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdehin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Bundan əlavə, Cavabdeh AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 6039.31 manat əsas borc, 420.36 manat faiz borcu və 209.76 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6669.43 manat məbləğində borcu vardır. 19 may 2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi və ona edilmiş 5 saylı əlavədən görünür ki, tərəflər arasında müqavilə əsasında 36 ay müddətinə, 19.9% məbləği əsasında 8900 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətində İddiaçı ASC-yə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5539.31 manat əsas borc, 741.03 manat faiz borcu və 724.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7004.9 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh ibanı AZ70NİCB**********0001A41010 olmaq ilə bərabər hesab valyutası AZN şəklindədir. Tarix aralığı xx.xx.2021-xx.xx.2023-cü il, dövriyyə 16016 azn təşkil etməklə dövrün əvvəlinə qalıq 0, dövrün sonuna qalıq 0 təşkil edir. Sonuncu ödəniş 10.02.23-cü il tarixdə 500 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, ödəniş məbləğinin məhkəmənin icraatında olduğu vaxta cavabdeh tərəfindən həyata keçirilməsi, təqdim olunmuş maliyyə arayışı və hesabdan çıxarışa əsasən təsdiq olunduğundan cavabdehin etdiyi ödənişləri onun əsas məbləğdə çıxılaraq, faiz məbləğinin artmasına səbəb olması qanunvericiliyin tələbinə uyğun deyil. Belə ki, mübahisə tərəfi olan iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan tələb etdiyi faiz məbləğinin nəzərə alınmaqla, iddia tələbinin qismən təmin edilməsi qanunvericiliyin tələbinə uyğun olmaqla bərabər tərəflərin arasındakı müqavilə öhdəliklərinin şərtlərinə mütənasibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 739.1 və 739.2-ci maddələrindən görünür ki, bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5539.31 manat əsas borc, 741.03 manat faiz borcu və 724.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7004.9 manat manat yaranmışdır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5539.31 manat əsas borc, 420.36 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6009.67 manat borc və 80.2 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 5.45 (beş manat qırx beş qəpik) manatı iddiaçıya aid edilməli, 80.2 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 may 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5539.31 manat əsas, 420.36 manat faiz, 50 manat dəyərində cərimə borcu olmaqla, ümumilikdə 6009.67 (altı min doqquz manat altmış yeddi qəpik) manat borc və 80.2 (səksən manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-636/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-636/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver