Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6366/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 29.09.2019cu il tarixində saat 20:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən “Vahid” marketə gələrək aldığı mallara görə 10 manat əskinazı onun üstünə atmışdır. O, cavabdehə iradını bildirmiş və aldığı malların dəyərini ondan istədiyini cavabdehin nəzərinə çatdırmışdır. Bundan daha da qızışan Cavabdeh heç bir əsas olmadan piştaxtanın yanında olan plastik oturacağı götürüb iddiaçının sinəsinə vurmuş, yerə yıxaraq sol gicgah təpə nahiyyəsinin qançır-şişkinliyinə və döş qəfəsinin ön səthinin sıyrığına səbəb olan xəsarət yetirmişdir. Nəticədə cavabdeh iddiaçının sol qolunun bilək nahiyyəsini dişləyərək sol saidin qançırı fonundan cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası kimi iddiaçıya xəsarətlər yetirmişdir. Bu da sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan, yüngül dərəcəli bədən xəsarəti yetirməsi ilə nəticələnmişdir. Aldığı bədən xəsarəti nəticəsində səhhətində uzun müddət problemlər yaranmış və həmin problemlər bu günə qədər aradan qalxmamışdır. Cavabdehin günahı üzündən səhhətinin pozulmasına səbəb olan xəsarətlərin Cavabdeh tərəfindən yetirilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli, 1(105)-161/2021 saylı qərarı, Məhkəmə Tibbi-Ekspertizasının 30.09.2019-cu il tarixli 1531 saylı rəyi, “Unikal Klinika”nın 04.06.2020-ci il tarixli həkim rəyi ilə təsdiqlənir. İddiaçı aldığı xəsarətə görə “DV Onurğa Mərkəzi”nin müalicə kursu keçmişdir. Cavabdehin günahı üzündən işlədiyi mağazaya 190 manat zərər dəymişdir. Eyni zamanda cavabdehin vurduğu xəsarət nəticəsində uzun müddət xəstə vəziyyətdə ailənin dolanışığı xatirinə işləməyə məcbur olmuşdur. Bu zaman qazancının 1000 manatdan artıq hissəsini itirmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh ona dəyən maddi zərərə görə 190 manat, əldən çıxmış faydaya görə 1000 manat, sağlamlığının bərpasına görə 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2220 manatın tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin həmin ünvan tam olmadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli, 1(105)-161/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş “Unikal Klinika”nın 04.06.2020-ci il tarixli həkim rəyi ilə İddiaçı cavabdeh tərəfindən xəsarət yetirilməsi öz təsdiqin tapmışdır. İş materiallarına əlavə edilmiş “DV Onurğa Mərkəzi” tərəfindən verilmiş 56 saylı arayışdan görünür ki, İddiaçı 16.06.2020-ci il tarixindən 26.06.2020-ci il tarixədək L4-L5, L5-S fəqərələrində degenerativ dəyişikliklər və disk sürüşməsi diaqnozu ilə massaj, fizio terapiya, fonofarez, nevrol terapiya, əzələ daxili ineksiya, vena daxili infuziyadan müalicə kursu keçmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, İddiaçı həqiqətən xəsarət almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 07.10.2020-ci il tarixli, 1(060)-88/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirlli bilinərək, aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İddiaçı həmin hökmdən narazı qalaraq, apelyasiya şikayəti vermiş, Sumqayıt şəhər Məhkəməsinin 07.10.2020-ci il tarixli, 1(060)- 88/2020 saylı hökmünün ləğv edilərək, Cavabdeh barəsində azadlıqdan məhrumetmə növündə cəzasının ən son həddində cəza təyin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli, 1(105)-161/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İddiaçı aldığı xəsarətlər nəticəsində səhhətində uzun müddət problemlər yaranmış, bu səbəbdən aldığı xəsarətlərlə bağlı ambulator müalicə olunmuş, dərmanlar almış, müayinələrdən keçmiş, bununla əlaqədar xidmət haqqları ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, iddiaçı cavabdeh tərəfindən ona dəyən maddi zərəri və sağlamlığının bərpasına görə çəkdiyi xərcləri qismən sübuta yetirə bilsə də, iddiaçı məhkəmə iclasında istinad etdiyi əldən çıxmış faydaya görə məhrum olduğu 1000 manat məbləğində pulu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 100 manat maddi ziyan, sağlamlığın bərpasına görə 400 manat, cəmi 500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 100 (yüz) manat, sağlamlığın bərpasına görə 400 (dörd yüz) manat, cəmi 500 (beş yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6366/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6366/2021
10.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver