Məhkəmə qərarları › İş №2(060)-6372/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6372/2021

31.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6372/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5572/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilərək Cavabdeh 07.07.2015-ci il təvəllüdlü X3 və 21.03.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin (hakim Azər İsmayılovun sədrliyi ilə) 2(060)-5572/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsi ilə “Cavabdeh ilə İddiaçı arasında 30.01.2017-ci il tarixdə bağlanmış nikah qeydi ləğv olunması, birgə nikahdan anadan olmuş 07.07.2015- ci il təvəllüdlü X8 və 21.03.2017-ci il təvəllüldlü X9-anaları İddiaçı yanında qalması, Cavabdeh iddiaçı X1 xeyrinə 07.07.2015-ci i təvəllüdlü X3 və 21.03.2017-ci il təvəllüldlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 14.09.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutulması” qət olunmuşdur. Hal-hazırda maddi vəziyyətinin çətinləşmişdir, cavabdeh isə uşaqların saxlanılmasına əlavə yardım göstərməkdən imtina edir. Uşaqların böyüməsi ilə onun təlabatları da günügündən artırır. Hesab edir ki, uşağın mənafeyi, fiziki cəhətdən inkişafı, həmçinin 2021-ci il Respublikada uşaqlar üçün yaşayış minimumunun 175 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5572/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilərək Cavabdeh 07.07.2015-ci il təvəllüdlü X3 və 21.03.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 30.01.2017-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə İddiaçı ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları var. Sonradan münasibətləri normal olmadığı üçün aralarında olan nikah pozulmuş və birgə nikahdan olan övladlarının saxlanması üçün ondan hər ay ümumilikdə 120 manat aliment tutulur. O, hazırda kəsilən alimenti çox çətinliklə ödəyir. Belə ki, o, İİİ qrup əlildir, maddi durumu çox aşağıdır. Lakin buna baxmayaraq o, ümumilikdə 200 manat aliment ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan, AZ-T № 046355 saylı 21.12.2018-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 07.07.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 5589 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-T № 046358 saylı 21.12.2018-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 21.03.2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 2157 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5572/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 30.01.2017-ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 242 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 07.07.2015-ci il təvəllüdlü X8 və 21.03.2017-ci il təvəllüdlü X10 ananın-İddiaçı qızının yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə 07.07.2015-ci il təvəllüdlü Şıxıyeva Asif qızının və 21.03.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 14.09.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona TSEK-in AR №725071 saylı arayışının surətindən görünür ki, Cavabdeh 3 (üç) qrup əlildir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 37/6V, mənzil 29da qeydiyyatdadır. İş materiallarında Azərbaycan Respublikası Şabran rayonu İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsinin 07.07.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Şabran rayonu, Gəndov kəndində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X7” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 07.07.2015-ci il təvəllüdlü X8 və 21.03.2017-ci il təvəllüdlü X4 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5572/2020 saylı iş üzrə çıxartdığı 26 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 07.07.2015-ci il təvəllüdlü X8 və 21.03.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5572/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 07.07.2015-ci il təvəllüdlü X8 və 21.03.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar