Məhkəmə qərarları › İş №2(060)-6382/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6382/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6382/2021 15.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs “X6” ilə Cavabdeh1 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3986 manat dəyərində nisyə aldığı malın 300 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 3686 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq fiziki şəxs “X6” ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alann öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. "xxxx" MMC ilə fiziki şəxs “X6” arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs “X6”nın Cavabdeh1 və Cavabdeh2 qarşı olan 3686 manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5% miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövrü olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə 22.01.2021-ci il tarixində ödəniş etmişdir. Cavabdehin bu günə 2454 manat əsas borcu, 368,1 manat cərimə borcu yaranıb. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 2454 AZN borcun, 368,1 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər həmin ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 21.09.2020-ci il tarixli, №TNT000016 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, fiziki şəxs “X6” alıcı Cavabdeh1 3986 manat dəyərində malı nisyə formada satmışdır. Alıcı müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan fiziki şəxs “X6” ilə Cavabdeh1 arasında bağlanmış 21.09.2020-ci il tarixli, №TNT000016 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 300 manat ilkin ödəniş etməklə 21.10.2020-ci il tarixdən 21.09.2021-ci il tarixədək hər ay 308 manat, yalnız sonuncu ay 298 manat olmaqla, ümumilikdə 3378 manat ödəməlidir. İş materiallarında olan 21.09.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 fiziki şəxs “X6”dan 21.09.2020-ci il tarixli, №TNT000016 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəsində nəzərdə tutulan, 3986 manat dəyərində tikinti materiallarını təhvil almışdır. İş materiallarında olan fiziki şəxs “X6” ilə Cavabdeh2 arasında bağlanmış 21.09.2020-ci il tarixli, №TNT000016-1 saylı zaminlik müqaviləsindən görünür ki, 21.09.2020-ci il tarixli, №TNT000016 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn 3686 manat məbləğində pul borcunun vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan R-573/20 saylı, 07.07.2020-ci il tarixli faktorinq müqaviləsinə əlavə olunan R-573/20-0003 saylı, 22.09.2020-ci il tarixli sazişdən görünür ki, “X6” müqaviləyə əsasən 21.09.2020-ci il tarixli, №TNT000016 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 qarşı pul tələbini iddiaçı "xxxx" MMC-yə ötürmüşdür. İş materiallarında olan R-573/20 saylı, 07.07.2020-ci il tarixli tələbin güzəşti barədə faktorinq müqaviləsindən görünür ki, “X6” müqaviləyə əsasən borcluya qarşı pul tələbini iddiaçı "xxxx" MMC-yə güzəşt etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ünvanlanmış 17.06.2021-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh1 21.09.2020-ci il tarixli, №TNT000016 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 15.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 21.09.2020-ci il tarixli, №TNT000016 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 15.09.2021-ci il tarixə 2454 manat əsas, 368,1 manat cərimə borcu, cəmi 2822,1 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 15.09.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 21.09.2020-ci il tarixli, №TNT000016 saylı nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 22.01.2021-ci il tarixində 308 manat ödəniş etmiş, ödənişdən sonra cəmi qalıq borcu 2822,1 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Nisyə alqı-satqı müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh1 və ona zamin durmuş Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 15.09.2021-ci il tarixə iddiaçı "xxxx" QSC-yə 2454 manat əsas və 368,1 manat cərimə borcu, cəmi 2822,1 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2 maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçının nümayəndəsinin izahatına və iş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdehə faktor tərəfindən müqavilə üzrə yaranmış əsas və cərimə borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdehlər onlara edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 90 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2454 manat əsas borc, 90 manat cərimə, ümumilikdə 2544 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutulub iddiaçı "xxxx" QSC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2454 (iki min dörd yüz əlli dörd) manat məbləğində əsas kredit borcu və 90 (doxsan) manat cərimə, ümumilikdə 2544 (iki min beş yüz qırx dörd) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,4 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutulub iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar