Məhkəmə qərarları › İş №2(060)-640/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-640/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-640/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 306 manat əsas borc, borcun vaxtında ödənilməməsi ilə bağlı gecikdirilmiş hər təqvim günü üçün ödənilməmiş məbləğin (borcun) 5%-i miqdarında 1245.90 manat dəbbə pulu, 31 manat ödənilmiş dövlət rüsumu və hüquqi xidmətlə bağlı ödənilmiş 200 manat pul olmaqla, cəmi 1782 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq (fərdi sahibkarlıq) fəaliyyəti göstərdiyi Sumqayıt şəhəri, 3-cü mkr., Sülh küçəsi, "Comptel" mağazasında Cavabdeh ilə xx xxxxxx 2020-ci il tarixli, mobil telefonun nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında) müqavilə bağlamış və həmin müqavilənin şərtlərinə görə, cavabdeh ondan, ümumi dəyəri 664 manat olan bir ədəd “Samsung A50” markalı mobil telefon almışdır. Müqavilənin 3.1-ci bəndinin şərtlərinə görə, cavabdeh həmin telefonun dəyərindən (puldan), ilkin ödəniş olaraq 100 manat ödəmiş, qalan 564 manat borcu isə, müqavilənin 3.2-ci bəndinə görə, hissə-hissə 2020-ci ilin mart ayının 15-dən başlayaraq, hər təqvim ayının 15-dək, 94 manat ödəməklə 6 ay ərzində ödəməli idi. Lakin cavabdeh, sözügedən müqavilənin 2.2.2-ci yarımbəndi ilə razılaşdırılmış satıcıya yönəldilməsi olan pulları ödəniş cədvəlində nəzərdə tutulan qaydada və müddətlərdə ödəməli olduğu halda, öhdəliyinə riayət etməyərək, onları pozmuşdur. Belə ki, cavabdeh həmin 564 manat borcdan mart, aprel aylarında tam hər ay 94 manat, cəmi 188 manat, may ayında isə qismən, 24 manat kəsirlə yəni, 70 manat pul ödənişi həyata keçirmişdir. Göründüyü kimi, cavabdeh telefonun ümumi dəyərindən 664 manat puldan 4 dəfəyə cəmi 358 manatını ödəmiş, qalan 306 manat pulu isə ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dələlərlə müraciət olunmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə sözügedən borcun ödənilməsindən yayınır və borcunu ödəmir. Müqavilənin 2.2.4-cü yarımbəndində şərtləndirilmişdir ki, alıcı ödəniş cədvəli ilə müəyyən edilən borcunu vaxtında ödəmədikdə, hər gecikdirilmiş təqvim günü üçün ödənilməli olan borc məbləğinin 5 faizi miqdarında satıcıya dəbbə pulu ödəyəcəkdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mobil telefonun nisiyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilədən görünür ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq (fərdi sahibkarlıq) fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Sumqayıt şəhəri, 3-cü mkr., Sülh küçəsi, "Comptel" mağazasında Cavabdeh ilə xx xxxxxx 2020-ci il tarixli, mobil telefonun nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında) müqavilə bağlamış və həmin müqavilənin şərtlərinə görə, cavabdeh iddiaçıdan, ümumi dəyəri 664 manat olan bir ədəd “Samsung A50” mobil telefon almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh iddiaçı tərəfindən borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarına əsasən, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq on gün müddət verilməklə müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsasən hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinən, iddiaçı əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda 1245.90 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddia tələbinin hüquqi xidmətlər ilə bağlı 200 manatın cavabdehdən tutulması hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı hüquqi xidmətlə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət göstərən vəkilə həmin məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş kassa məxaric orderindən isə görunür ki, 200 manat iddiaçının nümayəndəsi qismində atası X1 hesabına ödənilmişdir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 306 manat əsas borc, 30 manat dəbbə pulu, 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 366.40 manat pul İddiaçı xeyrinə tutulmalı və qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 306 manat əsas borc, 30 manat dəbbə pulu, 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 366.40 manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. \ HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar