Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6468/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Alahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 Sadiq oğluna qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 Sadiq oğluna (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 9015,17 manat əsas borc, 1709,16 manat faiz borcu, 200,59 manat cərimə olmaqla, cəmi 10924,92 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 25%-lə, 36 ay müddətinə, 10000 manat məbləğində kredit verilmişdir. 06.05.2020-ci il və 22.09.2020-ci il tarixli əlavə sazişlərlə kreditin müddəti 22.01.2023-cü ilə kimi uzadılmışdır. Borcun təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında eyni tarixli zamınlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və ona hesablanmış faizləri ödəməkdən yayınır və kredit müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, krediti biznes üçün götürmüşdü. Lakin, pademiya ilə bağlı onun ticarət obyektinin fəaliyyəti dayandığı üçün pdəniş edə bilməyib. Buna baxmayaraq iddiaçı xüsusi karahtin rejimi dövründə də ona faiz hesablayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmine dilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 Sadiq oğluna məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1987-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 isə xx.xx.1970-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2019-cu il tarixli, 4-MZ-1-0-769-19 saylı müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 30%-lə, 10000 manat kredit vermişdir. İşdə olan kassa məxaric orderi bunu təsdiq edir. Eyni tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit müqaviləsinə əsasən Cavabdeh1 öhdəlikləri üzrə zamin olmuşdur. Ödəniş cədvəlinə əsasən cavabdeh hər ay 289,63 manat, sonuncu ay 289,69 manat ödəniş etməli idi. Maliyyə arayışına əsasən cavabdehin 25.06.2021-ci il tarixinə borcu əsas borc üzrə 9015,17 manat, faiz borcu üzrə 1709,16 manat, cərimə üzrə 200,59 manat olmaqla, cəmi 10924,92 manat təşkil edir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun 5 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə ilə cavabdeh Rəsul Kərimov arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh Rəsul Kərimov kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən ounla iddiaçı arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və iddia ərizəsində göstərilmiş məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 10924,92 manat əsas borc məbləğinə 200,59 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2019-cu il tarixli, 4-MZ-1-0-769-19 saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 9015,17 manat, faiz borcu üzrə 1709,16 manat, cərimə üzrə 200,59 olmaqla, cəmi 10924 (on min doqquz yüz iyirmi dörd) manat 92 (doxsan iki) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 Sadiq oğlundan müştərək qaydada tutularaq «Yelobank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6468/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6468/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver