Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6471/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 30 manat dövlət rüsumu və notariat hərəkətlərinə görə 5 manat olmaqla, cəmi 1135 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh hərbiçidir və maxe kimi xidmət edir. Cavabdeh 2019-cu ilin iyun ayında iddiaçıya müraciət edib pula ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün 01 iyun 2019-cu il tarixdə iddiaçı cavabdehə 1000 manat borc pul vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh borcu 2019-cu ilin iyul ayının 20-dən başlayaraq hissə-hissə qaytarmalı idi. Cavabdeh bu barədə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi iddiaçıya vermişdir. Lakin, vaxt bitməsinə baxmayaraq, cavabdeh borcu qaytarmır. O, iddiaçıdan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1996-cı ildə Qobustan rayonuda anadan olmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatdadır. İş materiallarında olan əlyazmada göstərilmişdir ki, “Mən Cavabdeh xx.xx.1996-cı ildə Qobustan rayonunda anadan olmuşam. İddiaçı borc olaraq 01.06.2019-cu il tarixdə 1000 manat (min) pul aldım, aldığım borcu 2019-cu ilin iyul ayının 20-dən başlayaraq hissə hissə 4 aya qaytarmağıma öhdəlik götürürəm”. Əlyazma imzalanmış və tarix 01.06.2019-cu il kimi göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı bir dəfə eyni tələblə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(026)-90/2020 saylı, 24 iyun 2020ci il qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2503/2020 saylı, 14.09.2020-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş və iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə gönədrilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etmədikləri üçün iddia baxılmamış saxlanmışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan yazılı qəbzdə cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcu qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 1 000 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmamışdır. Eyni zamanda iddiaçının eyni iddiası ilə bağlı Qobustan Rayon Məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi (atası) X1 yazılı izahatında oğlunun iddiaçıdan pul aldığını və qaytardığını qeyd etmişdir. Buna görə də iddia təmin edilməli, 1 000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ödənilmiş vəsaitin cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə məhkəmə hesab edir ki, iddia ərizəsinin hazırlanıb məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 100 manatın ödənilməsi realdır. Bunu iş materiallarında olan qəbz də təsdiq edir. Bu səbəbdən həmin məbləğ də cavabdehdən tutulmalıdır. Eyni zamanda sənədlərin təsdiqi üçün 5 manat notariat haqqı da cavabdehə aid edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1000 (min) manat əsas borc, hüquqi xidmətlərə görə 100 manat, notariat hərəkətlərinə görə 5 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6471/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6471/2021
30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver