Məhkəmə qərarları › İş №2(060)-6482/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6482/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6482/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 dekabr 2019-cu il tarixli, nzaz11528_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5166,9 (beş min yüz altmış altı manat, doxsan qəpik) manat, faiz borcuna görə 17,42 (on yeddi manat, qırx iki qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5184,32 (beş min yüz səksən dörd manat, otuz iki) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə kreditor arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, nzaz11528_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 5166,9 (beş min yüz altmış altı manat, doxsan qəpik) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25.12.2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borclu ilə birgə məsuliyyət daşıyır. 25.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu borcunu vaxtında ödəməmiş, üzərinə düşən öhdəliyin icra edilməsindən qərəzli şəkildə yayınmışdır. Cavabdehə bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq o, buna məhəl qoymamışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək mülki işə baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakının olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh1 arasında bağlanılmış 25.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 1 %faizlə, 60 ay müddətinə 5166,9 manat kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 25.12.2019cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 25.05.2021-ci il tarixli RB-02/PK-5153 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən kredit müqaviləsinə əsasən 25.05.2021-ci il tarixə 5166,9 manat əsas, 17,42 manat faiz borcu olmaqla, cəmi 5184 manat borcu yaranmışdır. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehin ünvanına göndərilən xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişlər. - pretenziya məktublarından görünür ki,cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 şəxsi məqsədləri üçün 60 ay müddətinə 5166,9 manat məbləğində kredit xətti ayrılmış və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 03.03.2020-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə cavabdehin iddiaçıya 5166,9 manat əsas, 17,42 manat faiz borcu olmaqla, cəmi 5184,32 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 25.12.2019-cu il tarixli kredit müqaviləsinin pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Kredit müqaviləsinin təminatı üsulu kimi, cavabdeh (zamin) Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə Cavabdeh2 Cavabdeh1 tərəfindən öhdəliyi icra etmədiyi təqdirdə onunla birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Ona görə də iddiaçının 25.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən vaxtından əvvəl tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5166,9 manat əsas, 17,42 manat faiz borcu olmaqla, cəmi 5184,32 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 dekabr 2019-cu il tarixli, nzaz11528_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 5166,9 (beş min yüz altmış altı manat, doxsan qəpik) manat, faiz borcuna görə 17,42 (on yeddi manat, qırx iki qəpik) manat olmaqla, cəmi 5184,32 (beş min yüz səksən dörd manat, otuz iki) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar