Məhkəmə qərarları › İş №2(060)-6488/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6488/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6488/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 28 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 259,42 manat borc – bundan 84,38 manat əsas, 164,56 manat cərimə, müqavilənin bitdiyi tarixdən Plenum qərarına əsasən hesablanmış 10,48 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 04.02.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 27%-lə 36 ay müddətinə 259,42 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yeitirilməsi barədə öhdəlik götürsə də, öhdəliyini yerinə yetirməmişdir. 18.12.2020-ci il tarixdə Cavabdeh ləğv prosesində olan İddiaçı ASCyə 259,42 manat borcu var. Bundan 84,38 manat əsas, 164,56 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Plenum qərarına əsasən hesablanmış 10,48 manat faiz borcu təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina etmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş 05.01.2021-ci il tarixli, **********042 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 04.02.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh 18.12.2020-ci il tarixinə 84,38 manat əsas, 164,56 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Plenum qərarına əsasən hesablanmış 10,48 manat faiz borcu, cəmi 259,42 manat məbləğində kredit borcu vardır. İşdə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh dövrün sonuna 84,38 manat əsas borcu vardır. İşdə olan 22.12.2020-ci il tarixli, **********413 nömrəli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04.02.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən, cavabdehə illik 27%-lə 36 ay müddətinə 259,42 manat məbləğində kredit vəsaiti verildiyini bildirsə də, iddia ərizəsinə iddia tələbinin əsası kimi istinad etdiyi sözügedən kredit müqaviləsini əlavə etməmiş, o cümlədən məhkəməyə təqdim etməmişdir. Halbuki, AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ilkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianın əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. (“S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.07.2017-ci il tarixli qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Eyni zamanda milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları). Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin olunmadığından iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar